Azərbaycan və Macarıstan milli komandaları indiyə qədər 7 dəfə qarşılaşıblar.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunun yalnız 1-i yoldaşlıq görüşünə təsadüf edib. Həmin qarşılaşma isə neytral ölkədə - Birləşmiş Ərəb Əmirliklərində baş tutub.
Macarlarla ilk rəsmi duel 1996-cı ildə DÇ-1998-in seçmə mərhələsində olub. Baş tutan 7 matçın statistikasına nəzər yetirsək, rəqibin böyük üstünlüyə malik olduğunu görərik. Belə ki, Macarıstan yığması bütün görüşlərdə qələbə qazanmağa müvəffəq olub. Rəqibin 19 qoluna futbolçularımız 2 qolla qarşılıq verə biliblər. Millimiz bu rəqibi ilə Bakıda 4-cü dəfə üz-üzə gələcək. Komandamız paytaxtda təşkil olunan əvvəlki 3 matçın ikisində 3, birində isə 4 qol buraxıb.
Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan seçməsinin təlim-məşq toplanışı çərçivəsində Macarıstanla bu gün keçirəcəyi yoldaşlıq görüşü “Liv Bona Dea Arena”da saat 20:00-da başlayacaq.