Aydın Bəşirov işçilərinə nə deyir?
11:09 03-09-2013
CƏMİYYƏT
Aydın Bəşirov işçilərinə nə deyir?
"Gəmiçilik şefi" seçki ili olduğunu unudub
Hazırda bütün cəmiyyətin diqqəti qarşıdan gələn prezident seçkilərinə yönəlib. Ölkənin bütün sferalarında 9 oktyabrda keçiriləcək seçkilərlə bağlı ciddi səfərbərlik var.
Elə hökumətdə də bütün diqqətlər bu mühüm siyasi marafon üzərində cəmləşib. İri məmurlar qarşıdan gələn seçkilərdə hökumətin uğurunu təmin etmək məqsədi ilə hərəkətə keçiblər. Onlar cavabdeh olduqları sahədə iqtidarın seçkidəki qələbəsini təmin etmək məqsədi ilə əllərindən gələni etməyə çalışırlar.
Amma seçki əhval-ruhiyyəsinin hiss olunmadığı dövlət qurumları da az deyil. Bu barədə redaksiyamıza verilən məlumatlarda bildirilir ki, belə qurumların başında Xəzər Dəniz Gəmiçilik İdarəsi (XDGİ) gəlir.
İddialara görə, XDGİ rəisi Aydın Bəşirov seçki ili olduğunu tamamilə unudub. İdarədə və ona daxil olan strukturlarda seçki ilə bağlı hansısa hərəkətlilik, fəaliyyətlilik müşaiyət olunmur. Bir sözlə, XDGİ-də qarşıdan gələn seçkilərdə idarə işçilərinin təlimatlandırılması və onların iqtidarın ümumi seçki kampaniyası prosesinə cəlb edilməsi ilə bağlı hər hansı hazırlıq hiss edilmir.
Əvəzində isə "gəmiçilik" şefi XDGİ əməkdaşlarında narazılıq yaradan vərdişlərindən əl çəkmir. Bu sırada xüsusilə Aydın Bəşirovun işçilərlə rəftarı göstərilir. Bildirilir ki, idarə rəisi iclaslarda işçilərinə qarşı olduqca kobud rəftar edir, onların ünvanlarına olduqca kəskin ifadələr işlədir və bəzən həqarət etməkdən də çəkinmir. Bu da XDGİ-də narazı əhval-ruhiyyə yaradır. Seçkiyə az qaldığı bir vaxtda Aydın Bəşirovun öz işçiləri ilə belə, təhqiramiz davranışının hökumətə yeni narazılar yaratmaqdan başqa bir şey olmadığının iddia edildiyi məlumatlarda bildirilir ki, artıq idarə rəisinin həqarətləri işçilərin səbr kasasını daşıracaq son damla həddinə çatıb.
Maraqlıdır ki, oxşar məlumatlar hələ bir müddət əvvəl idarə rəisinin oğlu ilə bağlı da yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, "gəmiçilik şefi"nin oğlu İlqar Bəşirov əmək hüquqlarının qorunmasından və maaşlarının azlığından gileylənən işçilərə qarşı həqarətli münasibət sərgiləyir. Və artıq bir çox işçilərin bu durumdan bezdikləri, ya işlərini tərk, ya da yuxarılara şikayət etməyə hazırlaşdıqları vurğulanırdı. İndi belə nəticə hasil olur ki, İlqar Bəşirovun işçilərlə qeyri-normal rəftarı əslində səbəbsiz deyilmiş, o, bu zaman məhz öz atasının təcrübəsindən çıxış edirmiş.
Bəzi ehtimallara görə, Aydın Bəşirovun seçki ilində həm işçilərdə narazılıq yaratmasına dair məlumatlar, həm də onun hökumətin ümumi seçki işindəki fəaliyyətsizliyi sonradan onun üçün mənfi nəticələr verə bilər. Söhbət xüsusilə prezident seçkilərindən sonra hakim komandada gözlənilən ciddi kadr dəyişikliklərindən gedir. İstisna edilmir ki, bu cür islahatların qurbanlarından biri məhz XDGİ rəisi olsun.
Digər tərəfdən, Aydın Bəşirovun oğlunu yüksək vəzifələrdən birinə gətirmək istəyinin olduğunu da KİV davamlı yazır. Bildirilir ki, Oğlu İlqar Bəşirovun gəmi yükdaşımasında böyük təcrübəyə malik olduğunu hər fürsətdə dilə gətirən Aydın Bəşirov məhz onun karyera yüksəlişini təmin etməyə çalışır.
Amma yuxarıda diqqətinizə çatdırdığımız iddiaların ortaya atılması fonunda çətin ki, "gəmiçilik şefi"nin bu planı da gerçəkləşə bilsin. Onun nəinki oğlunu hansısa yüksək görəvə gətirməsi real görünür, əksinə, özünün indiki postunu qoruyub saxlaya biləcəyi də çətin proqnozlaşdırılandır.
Xatırladaq ki, Aydın Bəşirov aprtıq 20 ildir indiki postunu tutur. Əksər siyasi ekspertlər, müstəqil KİV-lər və ümumilikdə ictimai rəy belə hesab edir ki, hər hansı məmurun bu qədər müddətə bir vəzifəni tutması normal hal deyil, bu, onun rəhbərlik etdiyi sahədə tənəzzülə gətirib çıxarmaqla bərabər korrupsiya üçün də olduqca münbit şərait yaradır. Artıq böyük əminlik var ki, məmurların eyni vəzifədə 15-20 il qalması təcrübəsi payızda keçiriləcək prezident seçkisindən sonra tədricən aradan qaldırılacaq. Eyni zamanda yaşlı məmurların gənc, amma intellektual və bacarıqlı kadrlarla əvəzlənməsi tendensiyası start götürəcək. Bu isə həm də Aydın Bəşirov üçün ciddi bir xəbərdarlıq siqnalıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33