“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, Bar Koen 2025-2026-cı illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

O, buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi” (Təl-Əviv), “Beytar” (Təl-Əviv) və “Hapoel” (Hayfa) komandalarının formasını geyinən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.