Rəqiblərindən Natiq Əliyevə ağır zərbə
09:51 04-09-2013
İQTİSADİYYAT
Rəqiblərindən Natiq Əliyevə ağır zərbə
Sənaye və energetika naziri səlahiyyətlərinin bir qismini itirdi
Sənaye və energetika naziri Natiq Əliyev səlahiyyətlərinin bir hissəsini itirib. Bu barədə hökumətin son qərarından məlum olur.
Məsələ burasındadır ki, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə qərar verilib. Dəyişikliyə əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibindən çıxarılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Aparatı Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının siyahısına salınıb.
Xatırladaq ki, sənaye və energetika naziri ilə iqtidar daxilindəki bir sıra iri məmurların çəkişməsi uzun müddətdir davam edir. Hələ bir müddət əvvəl yazmışdıq ki, bu ilin yazında Sənaye və Energetika Nazirliyinin (SEN) Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramı hazırlayır. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib. Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmamasıdır. Sənaye və energetika naziri haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi var.
Söhbət Natiq Əliyevin hakimiyyət kulislərindəki əleyhdarlarının haqqında danışılan dövlət proqramı layihəsinin təsdiqlənməsinə yaratdığı maneələrdən gedir. Sənaye və energetika naziri iqtidariçi qruplaşmalardan və onlarla toqquşmalardan mümkün qədər kənarda dayanmağa çalışır. Amma son bir ildə, ilyarımda Natiq Əliyev istəmədən də olsa, hakimiyyətdaxili qovğalara qarışmaq məcburiyyətindədir. Bu bəzi iri məmurların naziri saya salmamağa, onunla nüfuz, səlahiyyət davalarına qalxmağa başlamalarıdır. Belədə sənaye və energetika nazirinin də öz təsir imkanlarından əks tərəfə qarşı yararlanmaq məcburiyyəti meydana çıxır ki, bu da onun sonda iqtidariçi ixtilaflara qarışmasını şərtləndirir.
İndi isə adıçəkilən nazirin səlahiyyətlərinin bir hissəsini itirməsi belə təsəvvür yaradır ki, nazir rəqibləri ilə mübarizədə artıq uduzmağa başlayıb. Hər halda Azərbaycan təcrübəsi göstərir ki, bizim reallıqda hansısa iri vəzifəlinin müəyyən səlahiyyətlərini itirməyə başlaması heç də təsadüfi baş vermir və bu daha çox həmin məmurun öz postunu itirməsinə hesablanan uzun prosesin tərkib hissəsi olur.
Doğrudur, sənaye və energetika nazirinin iqtidar içindəki dayaqları heç də zəif sayılmamalıdır. Amma prosesin indiki istiqamətdə inkişaf etməsi onun tədricən zəiflədilməsini və son nəticədə postundan uzaqlaşdırılmasını şərtləndirə bilər.
Düzdür, bu ilin mayında nazirə tabe olan Dövlət Enerji Nəzarət İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi bəzi ekspertlərdə belə bir rəy yaratmağa başlamışdı ki, artıq Natiq Əliyev hökumətdaxili rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər qazanmağa başlamaqdadır. Hesab edilirdi ki, sözügedən idarənin səlahiyyətlərinin dəqiqləşməsi və artıq rəsmi şəkildə kifayət qədər genişlənməsi Natiq Əliyevə rəqiblərinə qarşı əks-həmlə üçün yeni imkanlar yaradır. Şübhəsiz ki, bundan onun iqtidar içində soyuq münasibətdə olan çevrələr məmnun ola bilməzlər.
Amma belə görünür, bu cür düşünənlər yanılıblar və Natiq Əliyev rəqibləri qarşısında nəinki hər hansı üstünlüklər qazana bilib. Əksinə o artıq səlahiyyətlərini belə, itirməyə başlamaqla hələ də çətin günlər yaşayır. Baxmayaraq ki, müəyyən mənbələr sənaye və energetika nazirinin rəqiblərinin həmlələrindən hər hansı şəkildə sarsılmayacağını və ən azı əvvəlki mövqelərini qoruyub saxlaya biləcəyini proqnozlaşdırırlar.
Hər halda prosesin sonrakı gedişi bu deyilənlərin nə qədər reallığı əks etdirib-etdirmədiyini, həqiqətəuyğun olub-olmadığını gün işığına çıxaracaq. Yaşayıb, görərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32