Ukrayna və Rusiya İstanbulda keçirilən danışıqların ikinci raundu çərçivəsində hərbi əsirlərin növbəti mübadiləsini həyata keçiriblər. Tərəflər iyunun 12-də yaralı və ağır yaralı hərbçilərdən ibarət qrupları vətənə qaytarıblar.

"Unikal"ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, “bu gün ordumuzun əsgərlərini, Milli Qvardiya, Sərhəd Xidməti əməkdaşlarını evlərinə qaytardıq”. Prezidentin sözlərinə görə, onların hamısının müalicəyə ehtiyacı var və onlara zəruri tibbi yardım göstəriləcək. Bu, ağır yaralı və ağır xəstə hərbçilərin geri qaytarılması üzrə artıq ikinci mərhələdir.

“Rusiya əsirliyində olan hər bir vətəndaşımızın geri qayıtması üçün işləri davam etdiririk. Bu mübadilələrin həyata keçirilməsində çalışan hər kəsə təşəkkür edirəm. Hər kəs evinə - Ukraynaya geri dönməlidir”, – deyə Zelenski qeyd edib.

İyunun 2-də İstanbulda baş tutmuş danışıqların ikinci raundundan sonra Ukrayna və Rusiya nümayəndə heyətləri bütün ağır yaralı və ağır xəstə hərbçilərin, o cümlədən 18-25 yaş arası əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, bu kateqoriyadan olan əsirlərin mübadiləsi saya görə deyil, “hamının hamıya” prinsipi əsasında aparılacaq. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, yeni mübadilə çərçivəsində tərəflər “1200-ün 1200-ə” formatında əsir mübadiləsini həyata keçirəcəklər.

Bundan əlavə, tərəflər təxminən 6 min hərbçinin cəsədinin repatriasiyası (vətənə qaytarılması) barədə də razılıq əldə ediblər. Lakin Prezident Zelenski bildirmişdi ki, bu prosesdə ehtiyatlı olmaq lazımdır, çünki ruslar onların əlində olan cəsədlərin cəmi 15–20 faizini tanıya biliblər.

“Bizim üçün əsas məsələ rusların deyil, ukraynalıların cəsədlərini qaytarmaqdır”, – deyə dövlət başçısı əlavə edib.