Azərbaycana yürüş edən qara kölgələr
09:53 04-09-2013
İQTİSADİYYAT
Azərbaycana yürüş edən qara kölgələr
Son raundu kim udacaq?
Prezident seçkiləri yaxınlaşdıqca bir sıra beynəlxalq təşkilatlar aktivləşməyə başlayıb. Əslində bu gözləniləndir və dünyada baş verən proseslərə nəzər salsaq açıq-aşkar məlum olur ki, bu təşkilatlar zaman-zaman Azərbaycanda siyasi prosesləri gərginləşdirməyə çalışdıqları kimi, possovet məkanında da nələrsə etməyə dəfələrlə cəhdlər ediblər. Azərbaycana gəldikdə isə əsasən üç formal təşkilatlar nələrsə etməyə cəhd ediblər. Bu təşkilatlardan biri "Artikl-19" təşkilatıdır.
Adı çəkilən təşkilat Azərbaycanda Milli Demokratiya İnstitutu fəaliyyətini zəiflədəndən sonra aktivləşdi və bu heç də təsadüfi deyildi. Belə ki, adı çəkilən təşkilat bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə sıx bağlıdır və konkret tapşırıqlar əsasında fəliyyət göstərir. Dünyada söz azadlığının müdafiəçisi kimi fəaliyyət göstərməli olan "Artikl 19" təşkilatı əslində fəaliyyət göstərdiyi ölkələrin daxili işlərinə qarışmaqda və siyasi proseslərə təsir etmə sahəsində ixtisaslaşıb. Təşkilatın səs-küylü əsas fəaliyyəti isə Rusiyada olmuşdu və Rusiya xidmət orqanları bu təşkilatın hansı ölkələrin xüsusi xidmət orqanlarının təsiri ilə fəaliyyət göstərdiyini sübut edə bilmişdi. Bundan başqa aydın olmuşdu ki, hələ ötən il təşkilatın Azərbaycan bürosunun rəhbəri də ölkənin daxili işlərinə müdaxilə edib və əsasən bölgələrdə gənclərin siyasi hazırlığı ilə məşğul olurmuş. Həmçinin konkret bəzi təşkilatlara maliyyə yardımıda edibmiş. Ən maraqlı məqamlardan biri də təşkilatın icraçı direktoru Anq Kalamarddır. Bu şəxs dəfələrlə Ermənistanda olub və ən həssas məqamlarda Ermənistanda demokratiyanın olması ilə bağlı bəyanatlar verib. Buda məlum olur ki, təşkilatın baş ofisində bir neçə erməni işləyir və onların hazırladığı layihələrdə Azərbaycanı aşağılayacaq ideyalar gündəmə gətirilir. Məhz bunun nəticəsidir ki, bu illər ərzində bir dəfə də olsa "Artik 19" təşkilatı hazırladığı hesabatlarda Azərbaycana ağır zərbələr vurub. Amma son bir neçə il ərzində bu təşkilatın nüfuzu kifayət qədər zədələnib və artıq ciddi qurumlar bu təşkilatın hesabatlarını nəzərə almırlar. Azərbaycana qarşı barışmaz mövqedə duran təşkilatlardan biri də "Human Rights Watch" təşkilatıdır. Bu təşkilat Azərbaycanda ilk fəaliyyətə başladığı zamanlarda nisbətən loyal xətt tuturdu və hakimiyyətlə isti münasibətlərin yaranmasında maraqlı idi. Hətta Ermənistana qarşı sərt bəyanatlar verdiyi məqamlarda belə Azərbaycana yanaşmada obyektivliyini qorumağa çalışırdı. Amma gözlənilmədən bir neçə il öncə mövqeyini tamamı ilə dəyişdi və Ermənistana barış mesajlarının sayını artırmağa başladı. Həmin vaxt bəzi mətbu orqanlarda belə fikirdə səsləndirildi ki, "Human Rights Watch" təşkilatı erməni lobbisi ilə sıx əməkdaşlığa başlayıb. Növbəti mərhələlərdə aydın oldu ki, həqiqətən də təşkilat bitərəfliliyini tamamı ilə itirib. Hətta bir müddət öncə hesabat yayaraq bildirdilər ki, Azərbaycanda seperatizm güclənib, milli azlıqlara qarşı kompaniyalar aparılır. Amma bir dənə də olsa fakt ortaya qoya biləmişdilər. Buda aydın oldu ki, məlum təşkilat Azərbaycanda yalnız Leyla Yunusun hazırladığı hesabatlara əsasən bəyanat verir. Ən maraqlı başqa bir məqam isə budur ki, bir müddət bu təşkilatla əməkdaşlıq edən hüquq müdafiəçiləri də təşkilatın qərəzliliyini nəzərə alaraq onlarla əməkdaşlıqdan imtina etdilər. Hazırda isə "Human Rights Watch" təşkilatı Azərbaycandakı seçkilər öncəsi durumu təhlil edən hesabat yayıb və bu Azərbaycan üçün heç də xoş hal deyil. "Azərbaycan Respublikası ilə bağlı qərəzli və süni şəkildə mənfi rəy formalaşdırmağa davamlı cəhdlər edir. Bu təşkilatın yaydığı "Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar" adlı hesabatda real faktlar kobudcasına təhrif edilir, dünya ictimaiyyəti açıq-aşkar aldadılır". Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Human Rights Watch" hesabatına münasibət bildirərkən deyib.E.Aslanov bildirib ki, qeyri-mötəbər, bəzi hallarda anonim mənbələr hesabına hazırlanan hesabatda selektiv yanaşmadan istifadə edilərək yalnız müxalif mövqe tutan təşkilat və şəxslərin fikrinə əsaslanılır ki, bu da müxalif mövqe tutmayan çoxluğun rəyinin nəzərə alınmaması deməkdir: "Bu cür seçilmiş, konkret siyasi tərəf tutan şəxslərin reprezentativliyi qorunmaqla bir neçə nəfərin fikri əsasında 100 səhifəlik hesabat yaymaq fundamental tədqiqat işinin aparılmadığının, sənədin nə dərəcədə qərəzli və subyektiv xarakter daşıdığının göstəricisidir. "Human Rights Watch"un barələrindəki ittihamlar üzrə hazırda istintaq prosesi davam edən bəzi şəxslər haqqında hesabatdakı qeydlərini Azərbaycanda istintaqa təzyiq cəhdi kimi qiymətləndiririk. Təşkilatın diqqətinə çatdırırıq ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və heç kimin siyasi baxışları onun qanun qarşısında məsuliyyətini azalda bilməz.
Qanunun aliliyi prinsipinə zidd olaraq "Human Rights Watch"un Azərbaycan hakimiyyətinə ünvanlanan insan hüquq və azadlıqlarına əks çağırışları ilk öncə bu təşkilatın öz mahiyyətini ciddi şübhə altına alır."
PA-nın şöbə müdiri deyib ki, hər bir hüquq-müdafiə təşkilatının beynəlxalq nüfuzu onun maliyyə şəffaflığı, topladığı ianələrlə sıx bağlıdır: "Təsadüfi deyil ki, 2011-ci ilə nisbətən 2012-ci ildə "Human Rights Watch"un büdcəsi təxminən 2 dəfə azalıb. Bu isə həmin təşkilatın müstəqil fəaliyyətinə getdikcə inamın azalması, etimadın itməsi ilə bağlıdır. "Human Rights Watch"u dünyada insan hüquqlarının müdafiəçisi kimi qəbul edənlər onun müxtəlif mərkəzlərin sifarişi ilə işlədiyini görərək bu təşkilatı maliyyələşdirməkdən kütləvi şəkildə imtina ediblər. Hesabatda Azərbaycanın son illər əldə etdiyi çoxsaylı uğurlardan cəmi bir faktın belə qeyd olunmaması sənəd müəlliflərinin məhz bu cür sifariş yerinə yetirdiklərinin əyani göstəricisidir. Belə olmasaydı, hesabat boş "cızma-qara" xarekteri daşımaz, yalnız müxalif qəzetlərdə gedən yazıları kortəbii "sistemləşdirmək"dən ibarət olmazdı."
Çox maraqlı haldır ki, öncələr "Human Rights Watch" təşkilatının hesabatına önəm verməyən nüfuzlu mətbu orqanlar bu dəfə hesabatı demək olar ki, olduğu kimi yaydılar. Ekspertlər hesab edir ki, buda təsadüfü deyil və Londonda müxalifətin görüşlərə başlamasından öncə edilən bir jest kimi də dəyərləndirmək olar.
Hazırda Azərbaycana qarşı ciddi savaş açan qruplardan biri də Almaniyaya məxsus təşkilatlardır. Öncələr bu missiyanı Norveç həyata keçirirdisə son bir ildə Almaniya daha çox aktivlik göstərməyə başladı. Ekspertlərin fikrincə Almaniyanın təşəbbüsü ələ alması təsadüfü deyil və burda əslində bir dövlət marağı var. Belə ki, Almaniya Azərbaycanın enerji resurslarından daha çox yararlanmağa çalışır. Çünki bu gün Azərbaycanın qərbdə əsas partnyoru Böyük Britaniyadır və Almaniya bununla razılaşmaq niyyətində deyil. Amma buda qeyd olunur ki, Almaniya bunu açıq şəkildə etməyə risk etmir. Çünki bu gün Azərbaycan qərbin enerji təhlükəsizliyindən geri çəkilərsə bu qərbin çöküşü olacaq. Azərbaycana olan təzyiqlər sırasında erməni lobbisinin fəaliyyətinə toxunmamaq isə mümkünsüzdür. Amma bir məsələ var ki, əslində erməni lobbisi böyük dövlətlərin formalaşdırdığı bir sistemdir və zaman-zaman bu sistemdən istər Türkiyə, istərsədə Azərbaycan əleyhinə istifadə edirlər. Düzdür 10-15 il öncə erməni lobbisi kifayət qədər güclü imkanlara malik idi. Amma Azərbaycanın hucum diplomatiyasına keçidindən sonra bu imkanlar məhdudlaşdı. Bu gün isə sadəcə olaraq erməni lobbisi kimlərinsə əlində oyuncağa çevrilib. Bu gün isə erməni lobbisindən daha çox bəhrələnən ölkə Fransadır.
Maraqlıdır, bəs bu təpkilərə qarşı Azərbaycan hansı addımları atmalıdır? Qarşıdan prezident seçkiləri gəlir və belə məqamda sözsüz ki, Azərbaycan həssaslığını artırmalıdır. Bu gün hakimiyyətin tutduğu mövqeyə baxanda da məhz bunun şahidi oluruq. Kənar təsirlər nə qədər artırsa hakimiyyət bir o qədər geri çəkilməyəcəyini nümayiş etdirir. Xatırlayırsınızsa Rusiyada "Milyarderlər İttifaqı" yaranandan sonra bir ajiotaj yarandı və demək olar ki, hakimiyyətə qarşı sözün həqiqi mənasında savaş açıldı. Həmin an hakimiyyət bircə addım geri çəkilərdisə Rusiya asanlıqla Azərbaycanın daxili işlərinə tam müdaxilə edəcək və seçkilərin taleyini bildiyi kimi həll edəcəkdi. Amma Azərbaycan sərtliyini nümayiş etdirdi və nəticədə Rüstəm İbrahimbəyov projesi tam iflasa uğradı. Bu gün isə eyni taktikanı qərb seçib. Ekspertlər hesab edir ki, bu məsələyə yanaşmada da hakimiyyət güzəşt yolunu seçməməli və seçkilərin şəffaf keçməsini təmin etməklə hucumları neytrallaşdıra bilər. Çünki seçkilərdən sonra bu qüvvələr daha çox aktivləşəcək və əsas məqsəd seçkilərin demokratik keçirilməməsi ilə bağlı rəy yaratmaq olacaq. Bu isə bir başa Dağlıq Qarabağ probleminin həllinə təsir edəcək. Çünki Ermənistanda keçirilən prezident seçkilərini bu təşkilatlar demokratik adlandırdılar. Azərbaycanda keçirilən seçkiləri isə qeyri-demokratik seçki kimi qiymətləndirməklə regionda nüfuz dairəsini Ermənistana verməyə çalışacaqlar. Bunların qarşısını isə sözsüz ki, indidən almaq lazım olacaq.
Elədniz Elgün
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40