Müxalifətin və reneqatların "Milli Şura"sında ziddiyyətlər kəskinləşib
09:54 04-09-2013
İQTİSADİYYAT
Müxalifətin və reneqatların "Milli Şura"sında ziddiyyətlər kəskinləşib
Rüstəm İbrahimbəyovun dublyoru Cəmil Həsənlini "Milli Şura"nın "vahid namizəd"i etdikdən sonra düşünürdülər ki, bu qurum daxilindəki qarşıdurma və çəkişmələr dövrü başa çatıb. Amma proseslərin hazırkı gedişatı göstərir ki, yanılıblar. Çünki Cəmil Həsənlinin "vahid namizəd" olması ilə "Milli Şura" təsisçiləri arasında ziddiyyətlər növbəti yeni mərhələyə qədəm qoyub.
İkitirəlik başqa
formada özünü
göstərməyə başlayıb
Rüstəm İbrahimbəyov əslində, Eldar Namazovu prezidentliyə "vahid namizəd" etmək niyyətində idi. Lakin bu istəyinin keçməyəcəyini görüb dublyor kimi Cəmil Həsənlinin adı üzərində dayandı. O zaman buna etiraz edən Rəsul Quliyev bildirdi ki, Cəmil Həsənli seçkilərdə heç bir faiz də səs toplaya bilməyəcək, çünki onun əsas güvəndiyi qüvvə "Milli Şura" yox, AXCP-dir. "Cəbhəçilərin öz rayonlarında belə, kiçik mitinq təşkil edə bilməməsi göstərir ki, onların bir ay müddətində hansısa bir gücə çevriləcəklərinə inanmaq çətindir" - deyə ACP rəhbəri bildirmişdi.
ACP funksioneri, "Milli Şura"nın üzvü Zəminə Dünyamalıyevanın sözlərinə görə isə R.İbrahimbəyovdan imtina etməklə "Milli Şura" üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər və bu qərar seçkidə iştirakın asan və nəticəsiz yoludur. Eldar Namazov və digərləri isə hələlik bu seçimə susmaqla etirazlarını bildirirlər. Buna qədər mətbuata geniş açıqlamalar verən Eldar Namazovdan indi bir sözü sanki kəlbətinlə çıxarırlar.
Beləliklə, vaxtilə bu qurumda olan ikitirəlik indi yeni formada özünü göstərməyə başlayıb. Son vaxtlara qədər İsa Qəmbəri dəstəkləyənlər bir qütbdə, İbrahimbəyovu dəstəkləyənlər digər qütbdə dayanmışdılar. Mübarizə bu iki qrupun arasında gedirdi. Biri deyirdi axıra kimi Rüstəm İbrahimbəyovu dəstəkləmək lazımdır, digəri isə "ehtiyat vahid namizəd"in olmasını istəyirdi. Amma Cəmil Həsənlinin "vahid namizəd" olmasından sonra bu düşərgədə ikitirəlik başqa forma alıb. İndi "Milli Şura" təmsilçiləri ögeylərə və doğmalara bölünüb. AXCP və Müsavat doğmalardır, KXCP, El, ALP və ACP isə bu qurumun ögeyləridir. Əvvəllər burada söz sahibi Eldar Namazov və onu dəstəkləyən qrup idi. İndi isə burada Müsavat at oynadır və Eldar Namazovun tərəfdarları çəkilib bir tərəfə.
"Cəmil Həsənli
"Milli Şura"nın
namizədidir, yoxsa AXCP və Müsavatın?"
Cəmil Həsənli "Milli Şura"nın namizədi olsa da, Müsavatın qərargahında oturur. Onun seçki qərargahında təmsil olunanlar isə demək olar ki, Müsavat və AXCP üzvləridir. Deməli, artıq burada "Milli Şura"nın təsisçiləri olan KXCP, El, ALP və ACP-yə yer yoxdur. Ona görə də indi "Milli Şura" AXCP və Müsavatın birlik formatı kimi özünü görsətməkdədir. Elə Cəmil Həsənli üçün imza toplanması da göstərir ki, KXCP, El, ALP və ACP bu prosesdə iştirak etməkdən kənarlaşdırılıblar. İmzaları əsasən AXCP və Müsavat üzvləri toplamaqla məşğuldurlar.
KXCP Ali Məclisinin sədri Bəybala Əbil açıqlamasında AXCP və Müsavatı kəskin tənqid edərək deyib: "Milli Şura"nın icra orqanı tərəfindən Rüstəm İbrahimbəyov üçün seçki qərargahı yaradılır və bu seçki qərargahında bütün partiyalar, təşkilatlar təmsil olunur. Sonradan Cəmil Həsənli üçün yalnız Müsavat və AXCP-dən ibarət başqa seçki qərargahı yaradılır. Yaradılan seçki qərargahının rəhbərliyi tərəfindən seçkiyə hazırlığın hər bir səsin qazanılması prinsipi əsasında qurulması əvəzinə, "imzatoplamaq çox məsuliyyətli məsələdir" bəhanəsi ilə (guya bunu AXCP və Müsavatdan başqa heç kəs bilmir ?!) "Milli Şura"dakı təşkilatların qarşısına "sıfır imza" yazaraq prosesdən kənarda saxlamaqla uğursuz başlanğıc edilir, digər tərəfdən ictimai fikirdə "Milli Şura"da təmsil olunan partiyalar haqqında mənfi fikir yaratmağa cəhd göstərilir". KXCP təmsilçisi AXCP və Müsavat rəhbərliyinin problemləri dərinləşdirərək "Milli Şura" daxilində ziddiyyətlər yaratmaq yolunu tutduqlarını bildirərək sual edib: "Cəmil Həsənli "Milli Şura"nın namizədidir, yoxsa iki partiyanın?" Digər KXCP üzvü Elman Türkoğlu da AXPC sədri Əli Kərimlini "Milli Şura"nı ələ keçirməkdə ittiham edib. Onun sözlərinə görə, Əli Kərimli "İctimai Palata"da oynadığı oyunları "Mili Şura"da oynayır. Küçədən keçənləri gətirib "Milli Şura"ya üzv eləyir.
"Londonda 23 milyonluq villa kimindir?"
E.Türkoğlu Əli Kərimlinin facebook-da onun ünvanına yazdığı "Elman Türkoğlu kimdir? Nəçidir? Haralıdır? Ümumiyyətlə, niyə var? Bunları bilən var əziz xanımlar və bəylər?" statusuna sərt cavab verib. "Mən soruşuram: Əli Kərimli, sən kimsən, sən indiyə qədər nə iş görmüsən, sən 20 Yanvar hadisəsi baş verəndə harada idin, mən Qarabağ döyüşlərində olanda sən harada itmişdin? 15 mayda qaçıb gizləndin. 1992-ci ildə Ayaz Mütəllibov ordu ilə gələndə bulvarda, "Azneft"ə gedən yolun üstündə ağaclıqda gizləndin. Sonra da Şəhidlər xiyabanında yerləşən Türk məscidinin arxasındakı ağaclıqda gizləndin. Sən həmin Əli Kərimli deyilsən, qorxaq?! Mən Əli Kərimli kimi Elçibəyə xəyanət edib ad günündə onu zəhərləməmişəm. Elçibəyə xəyanət etməmişəm. Yurdu mən yaratmamışam. Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir, Bilgəhdə 3,5 milyonluq villa, Qubadakı villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur" - deyə E.Türkoğlu bildirib.
Göründüyü kimi, ifrat radikal müxalifət düşərgəsində ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. Cəmil Həsənli "Milli Şura"nın "vahid namizəd"i olsa da, proseslərin gedişi göstərir ki, bu qurumdakı təşkilatların əksəriyyəti onu dəstəkləmir. Bu isə o deməkdir ki, aqressiv müxalifətin və reneqatların "Mili Şura"sı iflasa uğrayıb. AXCP və Müsavatın süni birliyinə gəldikdə, bu da çox çəkməyəcək. Çünki "Milli Şura"nın axırına çıxan bu partiyalar sonunda bir-birlərinə müharibə elan edəcəklər. Çünki bu, bir ənənədir və AXCP və Müsavatın buna əməl etməyəcəkləri mümkün deyil. Bunu ötən 20 illik tarix də sübut edir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32