Rəsul Quliyev Milli Şuranı yenə də qarışdırdı
09:55 04-09-2013
CƏMİYYƏT
Rəsul Quliyev Milli Şuranı yenə də qarışdırdı
Milli Şurada təmsil edilən AXCP-Müsavat-ACP üçbucağı arasında gedən didişmələr səngimək bilmir. Bu didişmələr səngimədikcə onsuz da çox zəif ictimai nüfuza malik olan Milli Şura daha çox qeyb edir. Və hərdən düşünürsən ki, kimsə bu didişmələri sanki qəsdən körükləyir. Körüklədikcə də qızışır...
Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev müsavatçılara üz tutaraq sosial şəbəkədə bildirib ki, "Siz hələ indiyə qədər başa düşə bilmirsiniz ki, Türkiyə Cümhuriyyəti, İran İslam respublikası İ.Əliyevi Rusiyadan da çox dəstəkləyir. ABŞ İ.Əliyevdən heç olmazsa minumum səviyyədə demokratik seçki keçirməsini tələb edir, başqa tələbi yoxdur. Çünki bu ölkələrin heç biri Azərbaycanda İ.Əliyevə qarşı dura biləcək gücün olmadığına inanır və bu fikiri biz öz əməllərimizlə formalaşdırmışıq və davam edirik. Vahid namizədlə əlaqədar fikrimi söylədim və kənara çəkildim. Nəyə görə kənara çəkildim? Ona görə ki, Cəmil müəllimə hörmətim böyükdür. İstəmədim ki, cığal siyasi oyuna məcburən qatılmış Cəmil müəllimin seçki qabağı əhval-ruhiyyəsi pozulsun".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a bildirdiyinə görə, "Milli Şuradakı siyasi qurumların liderləri səmimi əməkdaşlıq ruhundan məhrumdurlar və onlar vahid mövqedən çıxış etmirlər. Bura siyasi tarixçəsinin müxtəlif dövrlərini yaşayan, bu proseslərdən fərqli nəticələr gözləyən, müxtəlif təbiətli siyasi qurumların bir araya gəldiyi vahid bir məkandır. Buna görə də hesab edirəm ki, Milli Şura tam iflasa məhkumdur. Müxalifətdə elə aparıcı partiyaların liderləri var ki, bu seçkilərə təkbaşına getməkdə iddialı idilər. Bu namizədlər, bəlkə də, öz potensiallarını axırıncı dəfə ortalığa qoymaq niyətində idilər. Kim zəmanət verə bilər ki, onlar da siyasi təqaüdə çıxmaq üçün hakimiyyətdən nəsə qoparmaq niyyətində deyildilər? Siyasi liderlərin hər biri bu seçkidən öz qazancını götürmək istəyir. Ola bilsin ki, kimlərsə beynəlxalq dairələrin maraqlarından çıxış edərək bu seçkilərə qatılmaq istəyirdi. Və yaxud ölkə daxilində hansısa oyunları oynamaq niyyətləri var idi. Göründüyü kimi, müxalifətin sıraları kifayət qədər rəngarəngdir və burada hərənin öz hədəfi var".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a söylədiyinə görə, "Təməli əyri qoyulmuş Milli Şurada bu gün əyri işlərin baş verməsi qanunauyğundur. Həm də ona görə ki, bu qurumda antidemokratik proseslər baş alıb gedir. Rüstəm İbrahimbəyov düşdüyü oyundan abırlı şəkildə çıxmaq üçün bütün məsuliyyəti Milli Şuranın üzərinə yıxdı. Ehtiyat namizədin irəli sürülməsinə baxmayaraq, bundan sonra Milli Şuranın görəcəyi bir iş də qalmayıb. Daha Milli Şura bitdi. Bir müddət əvvəl bu qurumun da İctimai Palatanın aqibətini yaşayacağı barədə fikir bildirmişdik. Təəssüf ki, bu öncədeyimlərimiz də düzgün çıxdı. Çox güman ki, bundan sonra ictimai rəydə biabır olmamaq üçün Milli Şuranı bir müddət də saxlayacaqlar. Ümumiyyətlə, radikal müxalifət adlandırlan kəsimin qarşıdan gələn prezident seçkilərinə lazımi şəkildə hazırlaşa bilməyəcəyi hələ İctimai Palatada gedən proseslərdən bəlliydi".
Partiya sədri hesab edir ki, ""Milli Şura ideyası Rüstəm İbrahimbəyovdan gəlmişdi və onunla bağlı idi. Onun da gücü, potensialı Rusiyadakı imkanlı soydaşlarımızın yaratdığı Milyarderlər İttifaqı və onun arxasında duran Rusiya hökuməti ilə bağlı idi. Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri Azərbaycan hökumətinin Rusiya ilə ümumi dil tapması ilə nəticələndi. Bundan sonra Rüstəm İbrahimbəyov oyundankənar vəziyyətə düşdü və nəticə etibarilə Milli Şura iflasa uğradı. Ona görə də bu gün Milli Şuradakılar bir-birini məhv etməyə başlayıblar".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10