"Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
09:59 04-09-2013
CƏMİYYƏT
"Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş, yolların kənarları abadlaşdırılmış, ətraf ərazilərdə səliqə-sahman yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.
Qəsəbə sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi görməyimə çox şadam. Əvvəllər Maştağa qəsəbəsində dəfələrlə olmuşam. Mən indi yeni çəkilən yola da baxdım. Keyfiyyətli yoldur. Qəsəbədaxili bütün yollar bu səviyyədə olmalıdır. Elə də olacaqdır. Maştağa böyük qəsəbədir. Burada qəsəbədaxili yollar da çoxdur. Ancaq biz bütün bu yolları tədricən yüksək səviyyədə təmir etdirəcəyik ki, insanlar rahat yaşasınlar, gediş-gəliş də rahat olsun.
İndi Azərbaycanda bütün yol infrastrukturu yenilənir, o cümlədən Bakı şəhərində. Bütün bölgələrdə, rayonlarda kənd yolları, qəsəbə yolları tikilir. Bakıda qəsəbələrarası yollar yenidən qurulur. Bu gün səhər biz böyük bir yol-nəqliyyat qovşağının açılışını qeyd etdik. Metronun “Gənclik” stansiyasının yaxınlığındakı böyük bir nəqliyyat infrastrukturu açılmışdır. Bununla bərabər, bütün qəsəbələrdə yol infrastrukturu layihələri icra edilir.
Bildiyiniz kimi, Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir. Bu il Proqramın əsas hissəsi başa çatacaqdır. Proqramda əsasən yol, qazlaşdırma, su, kanalizasiya xətləri layihələri nəzərdə tutulur. Bütün bu məsələlər ardıcıllıqla icra edilir. Qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir.
Bakının qəsəbələrinin arasında isə Maştağa ən böyük qəsəbədir, tarixi bir yerdir. Maştağanın çox böyük tarixi vardır. Bu gün də böyük potensiala malik olan bir qəsəbədir. Şadam ki, burada bütün işlər məqsədyönlü şəkildə aparılır. Biz bu işlərə kompleks şəkildə yanaşırıq. Məktəblər tikilir, təmir edilir, tibb məntəqələri, uşaq bağçaları, yollar, su-kanalizasiya layihələri də icra ediləcəkdir. Bütün yollar bax bu səviyyədə olmalıdır. Bu günə qədər görülmüş işlər xəritədə göstərilir, burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə çox böyükdür. Qəsəbədaxili yollar da çoxdur. Biz hələ gərək bir müddət işləyək ki, bütün yollar bu səviyyədə olsun.
Əlbəttə, hər bir qəsəbənin inkişafı ilə bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılması layihələri icra edilir. Əlbəttə ki, Bakının digər bölgələri ilə əlaqə rahat olmalıdır.
Zabrat yolu genişləndirilmişdir. İndi Pirşağı yolu, sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir. Bütün bu yollar Bakı sakinlərinin rahatlığı üçün edilir. Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə, həm Bakıda, Bakının qəsəbələrində çox böyük quruculuq işləri aparılır. Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə əlavə güc verir. Ona görə də görülmüş bu işlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, gələcəkdə də Maştağanın inkişafı daim diqqət mərkəzində olacaqdır.
Sakinlər: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Mən xatırlayıram ki, Prezident kimi ilk dəfə qəsəbəyə gəlmişdim. O vaxt yollar əlbəttə ki, belə vəziyyətdə deyildi. O vaxt biz bəzi qəsəbədaxili yolların tikintisinə başlamışdıq. Ondan sonra sakinlərin bir neçə xahişi olmuşdu, onlar da icra edildi. Ancaq bu gün Azərbaycan daha da böyük maliyyə imkanlarına malikdir. Biz daha da böyük işlər görməyə qadirik, bunu edirik və edəcəyik. Bir daha sizi təbrik edirəm.
Digər Xəbərlər
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18