Fərdi sahibkar İsmayılov Aqil Eldar oğlunun 90 560 manat pul vəsaiti ələ keçirilib.

Bu barədə “Unikal”a müraciət edən Aqil İsmayılov bildirib ki, Laçın rayon sakini İlqar Nəsibov və tikinti sahəsində fəaliyyət göstərən Zaur Əsgərov onu “Dəniz-R” MMC və Hövsan qəsəbəsində yerləşən beton zavodunun sahibi olan Yalçın Kazımovla tanış ediblər:

“Dedilər ki, Yalçına sement vermək lazımdır. Mən də dedim ki, həll edərəm. Yaxın adam vasitəsilə ona sement göndərdim. Bu işi Zaur Əsgərova həvalə etdik. Ona dedim ki, işə nəzarət etsin. 

Ödəniş rəsmi köçürmə üsulu ilə həyata keçirilməli idi. Yalçın bir dəfə köçürmə etdi. Növbəti işlərdə isə dedi ki, köçürmə edə bilmir. Sonra Malik Əliyev adlı şəxsi ortaya çıxardılar. Pulu ona verdilər ki, guya o köçürmə edəcək. Malik də yoxa çıxdı. Onunla əlaqə saxlamaq mümkün olmadı. Nömrələrinə də zəng çatmır. Yalçına da dedim ki, sən mənim verdiyim malın pulunu məndən xəbərsiz niyə başqa adama verirsən?

Fotoda: Malik Əliyev

Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişik. Hazırda istintaq davam edir.

Onu da vurğulayım ki, Malik Əliyev Yalçın Kazımovun yaxın adamıdır”, - deyə o qeyd edib.

Zaur Əsgərov isə saytımıza açıqlamasında bildirib ki, bir neçə gün əvvəl Malik Əliyevlə qarşılaşıb: “Malik pulu götürdüyünü inkar etmir, təsdiqləyir. Deyir ki, pulu geri qaytaracaq”. 

İlqar Nəsibov da Malik Əliyevin pulu götürdüyünü və ödəniş etmədiyini təsdiqləyib.

Yalçın Kazımov isə iddialara belə cavab verib: “Malik Əliyev adlı şəxs Zaur Əsgərovun yaxın adamıdır. Mənim yaxınım deyil. Mən sement almışam, pulunu da İlqara ödəmişəm. Onlar köçürmə üçün pulu başqa adama veriblərsə, bunun mənə aidiyyatı yoxdur”. 

Murad İbrahimli