Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park Kompleksində şəhər sakinləri ilə səyyar görüş keçirib.

“Unikal” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatlar rəhbərləri iştirak ediblər.

Görüş zamanı vətəndaşlar tərəfindən işlə təminat, maddi yardım, fərdi yaşayış evlərinin təmiri və digər məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə təşkil olunan belə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə davam etdirilir.