Sumqayıt şəhərində şəhidlərin adının əbədiləşdirilməsi və onların ailələrinə göstərilən diqqət və qayğının bir nümunəsi olaraq daha bir əlamətdar layihəyə imza atılır.
"Unikal" xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Başçısının tapşırıq və tövsiyələrinə əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən Yaşma yaşayış massivində yerləşən və Vətən Müharibəsi şəhidi Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyü çəkilir.
Hazırda sözügedən ərazidə intensiv şəkildə texnikalar və canlı qüvvə çalışır. Yolun yenidən qurulması ilə bağlı işlər planlı şəkildə icra olunur. Küçənin uzunluğu 500 metr, eni isə 4 metrdir. Ümumilikdə bu yolun tam bərpası üçün 2 min kvadrat metr asfalt örtüyü tələb olunub. Artıq bu material əraziyə gətirilib və döşənməsinə başlanılıb.
Əhali üçün xüsusilə vacib olan bu yolun illərdir ciddi problemlər yaratdığı bildirilir. Yağışlı havalarda palçığa çevrilən, quru havada isə toz-torpağa qərq olan küçənin asfaltlanması həm yerli sakinlərin gündəlik rahatlığını təmin edəcək, həm də şəhidin adına layiq bir mühitin formalaşmasına xidmət edəcək.
Şəhid Cavid Mirzəyevin atası da görülən işlərdən razılığını ifadə edərək, dövlətin və bələdiyyənin bu addımını yüksək dəyərləndirib. Onun sözlərinə görə, oğlunun adını daşıyan küçənin abadlaşdırılması həm ailəsi, həm də burada yaşayan sakinlər üçün mənəvi bir təsəlli və qürur mənbəyidir.
Sumqayıt Bələdiyyəsi nümayəndələri qeyd ediblər ki, bu cür layihələr təkcə infrastrukturun yaxşılaşdırılması deyil, eyni zamanda şəhidlərin əziz xatirəsinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır. Onların sözlərinə görə, şəhər üzrə bir sıra küçə və yaşayış massivlərində də oxşar abadlıq işləri planlaşdırılıb və mərhələli şəkildə icra ediləcək.
Bu təşəbbüs, şəhid ailələrinə olan qayğının davamlı xarakter daşıdığını və dövlət siyasətinin mühüm bir istiqamətini təşkil etdiyini bir daha göstərir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən övladlarının ruhu daim əziz tutulur və onların adları yaşadılır.
Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə çəkilən yeni asfalt örtüyü, həm xatirəyə göstərilən hörmətin, həm də ictimai rifah üçün atılan real addımın bariz nümunəsidir.