Bir vaxtlar Amerikanı "burjua saxtakarı" adlandıran indi qərbyönümlü olub?
10:11 05-09-2013
İQTİSADİYYAT
Bir vaxtlar Amerikanı "burjua saxtakarı" adlandıran indi qərbyönümlü olub?
O, ilk dəfə elmin qapısını Qərb dəyərlərini söyməklə, Lenindən, Stalindən sitatlar gətirməklə açıb
Azərbaycanın müstəqillik əldə etməsi ərəfəsində və müstəqilliyin ilk illərində ortaya çıxan yeni siyasi sistemdə ilk dövrlər qəribə bir tendensiya hökm sürürdü. Yaranan yeni partiyalar, siyasi təşkilatlar mütləq bir şəkildə ya Qərbə meyilli, ya Rusiyaya meyilli, ya da İrana meyilli kimi təqdim edilirdilər.
Özlərini qatı demokrat hesab edənlər qərbpərəst, sovet nostaljisi ilə yaşayanlar ruspərəst, 70 il ateist buxovundan azad olub öz dini dəyərlərinin axtarışında olanlar isə iranpərəst olmuşdular. O vaxt belə hesab edilirdi ki, sosialist ictimai-iqtisadi formasiyasının süqutu ilə ideoloji qeyri müəyyənliyə düçar olmuş cəmiyyətin və onun siyasi sistemini təşkil edən müxtəlif baxışlara, dünya görüşlərinə malik təsisatların yeni və daha məqbul inkişaf meyli axtarışına çıxması normaldır. Lakin tezliklə cəmiyyət qərbyönümlü inkişaf yolunun seçilməsində yekun konsensusa gələ bildi. Bu, müstəqillik haqqında bəyannamədə və digər əsas sənədlərdə də öz əksini tapdı.
Çünki Qərbyönümlü inkişaf daha demokratik olmaqla plüralizmin mövcudluğuna təminat verirdi. Bu siyasi meyil sonrakı dövrdə də, dövlətçilik möhkəmləndirildikdən sonra da davam etdirildi. Bununla belə, əsasən Azərbaycan xalqının milli mənafeləri bütün "pərəstlik"lərdən öndə tutulmağa başladı.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, müstəqilliyin ilk illərindən başlayaraq cəmiyyətin bəzi kəsimlərində, xüsusilə o dövrün tör-töküntüləri olan, özlərini demokratik qüvvələr adlandıran və bu gün müxalifətdə olan siyasi düşərgədə yanlış olaraq Qərbdən bir növ asılılıq, çəkingənlik, ona pərəstiş kimi tendensiyalar formalaşdı. Bu düşərgədə təmsil olunan qüvvələr fəaliyyətlərini, strategiyalarını daha çox Qərbin mənafelərinə uyğunlaşdırmağa meyil göstərirdilər. Qeyd etmək lazımdır ki, sözügedən xəstəlik uzun müddətdir ki, davam etməkdədir.
Siyasi fəaliyyətdə Azərbaycan xalqının, dövlətinin milli mənafelərini üstün tutmaq əvəzinə, bütün vasitələrlə Qərbin xoşuna gəlmək, ondan dəstək ummaq xətti seçmiş qüvvələrin daimi uğursuzluğu da məhz bununla izah oluna bilər.
Onlar hər bir seçkidə nicatı Qərbdən gözləməyə adət ediblər. Belə hesab edirlər ki, Azərbaycan vətəndaşının səsinin qazanılması o qədər də vacib deyil. Əsas olan siyasi platformanı Qərbin maraqlarına uyğunlaşdırmağı bacarmaqdır. Bu siyasi xətt uzun illərdir ki, müxalifətin istinad etdiyi yoldur (lakin nəticəsiz).
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də eyni mövqeni bu yaxınlarda mediaya verdiyi müsahibələrinin birində təkrarlayıb. Belə ki, o bildirib ki, Azərbaycandakı seçkilər heç nəyi həll etmir. Əsas Qərbin mövqeyidir, nəticələrə münasibətidir. Bu cür antimilli mövqe ilə iqtidara iddia etmək gülüncdür.
Milli Şuranın Böyük Britaniyaya səfərə verdiyi xüsusi önəm və onun canfəşanlıqla təbliğatı da məhz bu mövqedən irəli gəlir. Bu, bir daha göstərir ki, hazırkı müxalifət özünə dəstəyi xalqdan deyil, xaricdən, daha dəqiq desək Qərbdən axtarır. Xalqın səsi ilə deyil, Qərbin dəstəyi ilə hakimiyyətə gələn qüvvənin kimin maraqlarına xidmət edəcəyi isə aydın məsələdir. Bu mənada Milli Şuranın antixalq ovqatı ortadadır.
Digər bir cəlbedici məqam isə bu günkü müxaliflərin mahiyyət etibarilə deyil, sırf görüntü naminə demokrat, Qərbəmeyilli olmasıdır. Yəni onların sözün əsil mənasında Qərb dəyərlərini, onun demokratik ənənələrini bölüşdüyü şübhə doğurur. Sirr deyildir ki, bu gün özlərini aparıcı siyasi təşkilatlar hesab edən müxalif partiyaların daxilində dərin bir avtoritarizm hökm sürür. Bu, həmin partiyalarda azad sözə, fikrə qısqanc reaksiyadan tutmuş, partiya rəhbərlərinin uzun müddətdən bəridir ki, öz vəzifələrini tərk edərək yeni nəsillərə meydan verməməsində də özünü göstərir.
Bundan başqa həmin düşərgədə təmsil olunan bir çoxlarının, xüsusilə də hazırkı vahid namizəd C.Həsənlinin keçmişi ilə bağlı da maraqlı məqamlar diqqəti cəlb edir. Belə ki, bu gün hər vəchlə özünü demokratik Qərbyönümlü siyasətçi, Qərbyönümlü siyasi düşərgənin vahid namizədi kimi təqdim edən, müsahibələrində Qərb demokratiyasını, siyasi sistemini tərifləyən, bununla da Qərbdən açıq dəstək uman C.Həsənlinin müxalifətin ən çox öyündüyü ziyalı, alim kimi vaxtilə ilk dəfə elmin qapısını Qərb dəyərlərini söyməklə, Qərb ölkələrini saxtakar hesab etməklə, əvəzində isə kommunist avtoritarizmini tərifləyərək, onun ideoloqu Lenindən, Stalindən sitatlar gətirə-gətirə açdığını bəlkə də çoxları bilmir. C.Həsənlinin elmlər namizədi adını almaq üçün yazdığı elmi işinin mövzusu "Klassovıy xarakter vneşney politiki SSSR i kritika ee amerikanskix burjuaznıx falsifikatorov" (SSRİ xarici siyasətinin sinfi xarakteri və onun Amerika burjua saxtalaşdırıcıları tərəfindən tənqidi) adlanır.
Lakin müstəqillik illərində C.Həsənli mövqeyini dəyişməklə guya Qərbpərəst siyasətçi olmaqla bərabər, həmin elmi işin adına da əl gəzdirmiş, bir növ dövrün tələblərinə uyğunlaşdıraraq kitab halında nəşr etdirmişdir. "Rekonstruksiya"dan çıxmış əsərin yeni adı isə "SSRİ-Amerika münasibətləri" adlandırılmışdır. Bunu isə ən azından saxtakarlıq kimi qələmə vermək olar.
Yəqin Milli Şuranın vahid namizədinin bu cür "Qərbpərəstliyi"ndən Londonda onunla görüşəcək insanların xəbəri yoxdur.
Hər bir insanın yetkinləşdiyi, fikirlərinin, əqidəsinin formalaşdığı, oturuşduğu bir dövr olur. Məhz C.Həsənli həmin dövrdə antiqərb əhval-ruhiyyəli insan kimi formalaşmışdır. Yəni bu şəxs özünü nə qədər Qərbyönümlü siyasətçi kimi təqdim etsə də, mahiyyət etibarilə sovetpərəst və leninçidir. Göründüyü kimi, bu, onun yazmış olduğu dissertasiyasının mahiyyətində də öz əksini tapıb.
Toğrul
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40