"İranın gördüyü tədbirlər tamamilə təbii və qanunidir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyasına göndərdiyi məktubda bildirib.
Türkiyə liderinin sözlərinə görə, İsrail danışıqlar prosesini pozmağı hədəfləyib: "Hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi dövrdə baş verməsi əlamətdardır. Netanyahu hökuməti danışıqlar prosesini pozmağı hədəfləyib. Bu onu göstərir ki, onlar məsələnin diplomatik yolla həllini istəmirlər. Onlar müharibəni bütün regiona yaymağa çalışırlar. Biz Netanyahunun nə etmək istədiyini çox yaxşı bilirik. Bölgəni xaosa batıraraq öz təhlükəsizliyini bərqərar etməyə çalışanlar boş bir xəyalın arxasınca gedirlər. Burada vurğulamaq istərdim ki, Türkiyə olaraq bölgəmizdə sərhədləri qanla çəkiləcək yeni bir Sayks-Pikot nizamının qurulmasına icazə verməyəcəyik".
Ərdoğan həmçinin İstanbulla Tehranın eyni taleni yaşadığını bildirib: "Eyni ananın övladı olan iki qardaş arasında fikir ayrılığı ola bilər. Amma qardaş olmaq həm də ortaq tale olmaq deməkdir. İstanbulun taleyi Dəməşqin, Bağdadın, Tehranın, Qüdsün, Qəzzanın taleyindən ayrı deyil. Müsəlmanların qibləsi kimi onların taleyi də ortaqdır. Ortaq məqsədlərimizə gəlincə, ixtilaflarımızı bir kənara qoyub bir araya gəlmək bizim borcumuzdur. Fərqlərimizin bizə mane olmasına icazə verə bilmərik. İsrailin bütün bölgəni atəşə çevirən siyasətlərinə qarşı mövqeyimizi dünyaya bəyan etməliyik. Biz hamımız Fələstin xalqı üçün səfərbər olsaq da, qardaşlarımız arasında parçalanma görmək bizi kədərləndirir. Çoxqütblü dünyada 2 milyardlıq İslam dünyasının tək qütb halına gəlməsi mütləqdir".
Ağarza Elçinoğlu