"XXI əsrdə enerji təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizlik və geosiyasi balansın əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası da məhz bu çoxşaxəli və strateji yanaşma əsasında formalaşdırılıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, iyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası həmin strategiyanın mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyi, texnoloji dayanıqlılığı və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir:

"Azərbaycan regionda öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir. Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir.  “8 Noyabr” Elektrik Stansiyası yüksək generasiya gücü ilə Azərbaycan enerji şəbəkəsində çeviklik və etibarlılıq balansını təmin edir. Bu stansiyanın istismara verilməsi elektrik təchizatında qəfil dəyişikliklərə və pik tələbat dövrlərinə çevik reaksiya vermək imkanı yaradır. 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı hədəfi Azərbaycanın ekoloji və strateji gündəliyinin əsas prioritetlərindəndir. 8 Noyabr” Elektrik Stansiyası kimi yüksək səmərəliliklə işləyən enerji obyektləri bu strateji hədəflərə nail olunmasında mühüm önəm kəsb edir

“8 Noyabr” Elektrik Stansiyasının tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici enerji siyasətinin uğurlu nümunəsidir. İtaliya ilə neft-qaz sahəsində uzunmüddətli əməkdaşlıq, Çinlə isə xüsusilə günəş və digər bərpaolunan enerji texnologiyaları üzrə artan tərəfdaşlıq gələcək üçün sabit və etibarlı texnoloji əlaqələrin formalaşmasına zəmin yaradır. 

İkinci Qarabağ müharibəsində Mingəçevir şəhəri və enerji obyektləri birbaşa hədəf alınmışdı. Bu fakt Ermənistanın enerji infrastrukturunu hərbi hədəfə çevirmək niyyətini və bunun arxasında duran məqsədləri açıq şəkildə göstərdi. “8 Noyabr” Elektrik Stansiyasının tikilməsi və müasir təhlükəsizlik standartlarına cavab verməsi bu cür təhlükələrə cavab olaraq infrastrukturun daha da möhkəmləndirildiyini sübut edir. Enerji infrastrukturu artıq təkcə iqtisadi resurs deyil, həm də dövlət təhlükəsizliyinin dayanıqlılıq elementidir. Stansiyanın “8 Noyabr” adlandırılması Zəfər Gününü xatırlatmaqla, həm də xalqın iradəsi, milli birliyi və dövlətin gücünün təcəssümüdür. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi stansiyanın dövlətçilik tarixində tutduğu xüsusi yeri və simvolik dəyəri bir daha önə çıxarır. Bu layihə Azərbaycanda postmünaqişə dövründə quruculuq və inkişaf fəlsəfəsinin energetika sahəsində parlaq nümunəsidir".