Milli Şura iki yerə parçalanıb
11:41 06-09-2013
CƏMİYYƏT
Milli Şura iki yerə parçalanıb
İndi faktiki olaraq Milli Şura İctimai Palatadan gələn AXCP-Müsavat və Rüstəm İbrahimbəyovla gələn qüvvələr arasında bölünüb
Ehtiyat namizədlə bağlı problemi birtəhər yoluna qoyan Milli Şuranı yaradan qüvvələr arasında yeni ixtilaflar yaranıb. Sən demə, Cəmil Həsənlinin namizəd kimi təsdiqlənməsi problemləri heç də geridə qoymayıbmış. Əksinə, yaranmış yeni situasiya qurumdakı güclər arasında ciddi narazılıqlar yaradıb. Bu ehtimalı Milli Şuranın sentyabrın 3-də keçirilən iclası da təsdiqləyib.
Qurumun həmin toplantısında nə "EL" Hərəkatının, nə Lalə Şövkətin Liberal Partiyasının, nə də Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasının təmsilçiləri iştirak etməyiblər. Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası isə imza vərəqələri paylanandan narazılığını ortaya qoymuşdu. Başqa sözlə desək, qurumun son toplantısında əsasən AXCP və Müsavat partiyalarının təmsilçiləri iştirak ediblər. Bu isə faktiki olaraq Milli Şuranın parçalanması deməkdir. Artıq qurumun üzvləri arasında qarşılıqlı ittihamlar başlayıb. Dünən "EL" Hərəkatının üzvləri ard arda AXCP və Müsavat təmsilçiləri haqqında ittihamlar səsləndiriblər. Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev deyib ki, Milli Şurada təmsil olunan partiyalar onlara qarşı yönələn ittihamlarla bağlı mövqesizlik nümayiş etdirir. Buna görə də Milli Şuradan narazılıq da, inciklik də mövcuddur: "Əsas narazılıq isə bizə yönələn təzyiqlərin qarşılığında, heç bir dəstək nümayiş etdirməmələridir: İki həftədir "EL" Hərəkatının rəhbərliyi istintaqa çağırılır. Amma müttəfiq olaraq, Milli Şurada təmsil olunan partiyaların heç biri dünənə qədər münasibət bildirmədi. Bununla da onlar mövqesizlik nümayiş etdirmiş oldular. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı".
E.Quliyev narazılıq yaradan başqa məqamların olduğunu da desə də, bununla bağlı danışmaq istəməyib: "Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Müəyyən fikir ayrılığı və çatlar var ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq".
E. Quliyev Milli Şuradakı müttəfiqlərini səmimi olmağa da dəvət edib: "Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq".
K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və "EL" Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib: "EL" Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan mübariz bir adamı dəstəkləyim. Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər".
Bu açıqlamalara dərhal AXCP cəbhəsindən cavab gəlib. Milli Şuranın üvzü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, E.Quliyevin Milli Şuranı "EL" Hərəkatına qarşı təzyiqlərə qarşı susqunluq göstərməkdə ittiham etməsi ədalətli deyil: "Milli Şuranın liderlərinin bu qurum adından açıqlama vermək, bəyanat yaymaq hüququ yoxdur. Milli Şuranın qərarları onun sessiyasında qəbul edilir".
ALP sədri Əvəz Temirxan da AXCP və Müsavatdan incidiklərini açıq şəkildə ifadə edib. O deyib ki, bundan sonra Milli Şura və onun fəaliyyəti, orada baş verənlərlə bağlı bundan sonra "voobşe" danışmaq niyyəti yoxdur. O bildirib ki, Milli Şura və orada baş verənlərlə bağlı açıqlama verməyəcək: "Bunu "voobşe" sözünün sonuna üç quyruqlu "Ş" hərfi əlavə etməklə demək istəyirəm. Azca səmimiyyətləri qalıbsa, qoy orada baş verənlərlə bağlı AXCP və Müsavat açıqlama versin".
Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev isə artıq bir neçə gündür Müsavat və AXCP əleyhinə çıxışlarını davam etdirir.
Narazılıq o qədər ciddidir ki, dünən "EL" Hərəkatının sədri Eldar Namazov Müsavat Partiyasının qərargahına gələrək burada iradlarını Müsavat başqanı İsa Qəmbərə, prezidentliyə namizəd Cəmil Həsənliyə və onun seçki qərargahının rəhbəri Arif Hacılıya çatdırıb. Tərəflər şura daxilindəki narazılıqları müzakirə ediblər. Arif Hacılı bildirib ki, görüşdə yaranmış narazılıqlar müzakirə mövzusu olub: "Ətraflı müzakirə apardıq. Deməzdim ki, hər hansı bir inciklik yoxdur". AXCP sədri Əli Kərimli də Eldar Namazovu təklikdə qəbul edib, iradlarını dinləyib.
Bütün bunlar faktiki olaraq Milli Şuranın parçalanması deməkdir. İndi faktiki olaraq Milli Şura İctimai Palatadan gələn AXCP-Müsavat və Rüstəm İbrahimbəyovla gələn qüvvələrə bölünüb.
Ortada bu parçalanmanı labüd edən bir neçə faktor var. Belə görünür ki, şuranın işindən kənarda qalan qüvvələr Cəmil Həsənlinin namizəd olmasını istəməyiblər. Onlar Milli Şuranın seçkiyə Rüstəm İbrahimbəyovla getməsini, bu alınmasa prosesin ümumiyyətlə boykot edilməsinin tərəfdarı olublar. Amma bu mövqe ümumilikdə müxalif elektoratda dəstək qazanmadığından məqsədlərinə nail ola bilməyiblər. Cəmil Həsənlinin ehtiyat namizəd kimi dəstəklənməsi də bir növ "üzə düşərək" qəbul edilib. Qərarın qəbul olunmasında AXCP və Müsavatın israrı rol oynayıb. Bundan sonra Rüstəm İbrahimbəyova bağlı qüvvələr AXCP və Müsavatdan incik düşüblər.
Başqa bir versiya bundan ibarətdir ki, əslində Rüstəm İbrahimbəyovu Eldar Namazov özü əvəzləmək istəyirmiş. Lakin qapalı aparılan məsləhətləşmələrdə onun namizədliyi nə AXCP, nə də Müsavat rəhbərliyi tərəfindən dəstəklənməyib. Nəticədə "reneqat siyasətçi" buna etiraz olaraq Milli Şuradan incik düşüb.
Amma ümumilikdə götürdükdə narazılığın təkcə Eldar Namazovla bağlı olduğunu düşünmək sadəlövhlük olardı. İnciklik birbaşa Moskvadan - Rüstəm İbrahimbəyovdan gəlir. Yoxsa nə Eldar Namazov, nə Eldəniz Quliyev, nə də Köçəri Nağıbəyli bu cür cəsarətli açıqlamalar verə bilməzdilər. Təsadüfü deyil ki, məhz Cəmil Həsənlinin namizəd olmasından sonra Rüstəm İbrahimbəyov maliyyə çətinlikləri yaşadıqlarını bildirmiş və "1 manat" aksiyasına start verilmişdi. Son sessiyada da müxalifət liderləri faktiki olaraq kənardan maliyyə dəstəyinin olmadığını qabardaraq tərəfdarlarını Cəmil Həsənlinin seçki fonduna vəsait yönəltməyə çağırıb. Belə görünür AXCP və Müsavatın özbaşına vahid namizəd müəyyənləşdirməsindən əsəbiləşən hansısa qüvvələr onların pulunu kəsiblər.
Başqa bir məlumata görə isə ortada narazılıqların olması həm də "EL" Hərəkatı ilə bağlı prokurorluğun başlatdığı araşdırmalarla bağlıdır. Belə ki, hərəkatın bir neçə tanınmış üzvü Baş Prokurorluqda ölkədə iğtişaşların təşkili barədə silahdaşları Əflan İbrahimovun verdiyi açıqlamalarla bağlı istintaqa cəlb olunub dindiriliblər. Əflan İbrahimov onların xaricdən idarə olunması, iğtişaşların təşkili ilə bağlı əlində faktlar olduğunu deyir. Məlumatlara görə, AXCP və Müsavat rəhbərliyi bu məsuliyyəti bölüşmək istəmədiklərindən Eldar Namazovla məsafə saxlamağa başlayıblar. Bu da son nəticədə narazılıqlara gətirib çıxarıb.
ADP sədri Sərdar Cəlaloğlu da Milli Şuranın faktiki olaraq parçalandığını bildirib. O deyib ki, hazırda təşkilat faktiki olaraq müxalifətin keçmiş birliyi olan İctimai Palataya çevrilib və bunu hamı bilir. Onun sözlərinə görə, Milli Şuranın əvvəlki gücü Rüstəm İbrahimbəyov və Rusiya ilə bağlı idisə, bugünkü gücü AXCP və Müsavatla bağlıdır: "Ona görə ki, bu iki partiyadan başqa orada elə bir qüvvə yoxdur. Digərlərinin də bu təşkilatdakı iştirakı sadəcə olaraq, formal xarakter. Bu istər ALP, ACP, "EL" Hərəkatı olsun və yaxud digərləri bura heç bir əlavə güc verə bilməzdilər. Çünki onların heç bir gücü yoxdur. Bu baxımdan bu partiyaların və qurumların Milli Şuranı boykot edib-etməməsi və ya küsüb-küsməməsi məsələni dəyişmir. Bu, artıq keçmiş Milli Şura deyil, faktiki olaraq İctimai Palatadır. Ona görə də Milli Şura rəsmi olaraq özünü buraxmalı və ictimai Palatanın fəaliyyətini yenidən bərpa etməlidir."
ADP sədrinin fikrincə, Milli Şuranın fəaliyyətinin dayandırılmamasının səbəbi burada təmsil olunan qurumların ictimai rəyi öz üzərinə götürməməsilə bağlıdır. "Bu təşkilat AXCP və Müsavatın tam nəzarətində olsa da belə, digərləri ictimai rəydən qorxduqlarından bu qurumu tərk etmək istəmir və formallıqlarını qoruyub saxlayır" ,- deyə o bildirib.
Mehdi
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00