Sabirabad rayonu ərazisində fərdi yaşayış evinin, mal-qara tövləsinin, həmçinin ot bağlamalarının yanması ilə nəticələnən yanğın hadisələri baş verib.

"Unikal" xəbər verir ki, fərdi yaşayış evinin yanması ilə nəticələnən hadisə axşam saatlarında Sabirabad rayonu Balakənd kəndində qeydə alınıb. Ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə rayonunun Cəngan kəndində qeydə alınıb. Baş verən yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı ümumi sahəsi 63 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, bitişik sahəsi 60 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altında yığılan 1 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.