Çin Xalq Respublikasında müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlı inkişafın təmin olunması üçün holistik baxışın və vahid strategiyanın formalaşdırılması, innovativ və təkrarlanabilən təşəbbüslərin paylaşılması, rəqəmsal inkişaf, yaşıl və aşağı karbonlu texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi və təhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir. 

Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev təmsil edib.

Forumda qarşıya qoyulan məqsədlərin effektiv icrasını təmin etmək üçün irəli sürülən 3 əsas təşəbbüs – “Qlobal Dayanıqlı Nəqliyyatın İnkişafı və Əməkdaşlıq üzrə Çərçivə Sazişi”, “Dayanıqlı Nəqliyyat İndeksi” və “Qlobal Dayanıqlı Nəqliyyat üzrə Ən Yaxşı Təcrübələr” geniş müzakirə edilib. 

Müzakirələr zamanı qeyd olunub ki, qlobal müstəvidə dayanıqlı nəqliyyatın inkişafı sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək və ölkələrə nəqliyyat siyasəti, qaydaları, texnologiyaları və investisiya qoyuluşları üzrə fəaliyyətlərin uzlaşdırılmasının təmin edilməsi, müxtəlif ölkələrdə nəqliyyat sistemlərində yaşıl transformasiyaya dəstək səviyyəsini və dayanıqlı inkişaf performansını ölçən, inkişaf yollarını və praktiki tövsiyələri təmin edən hərtərəfli qiymətləndirmə sisteminin yaradılması, habelə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Nəqliyyat Onilliyi üzrə İcra Planı çərçivəsində qlobal dayanıqlı nəqliyyatda əlamətdar nailiyyətləri təqdir və nümayiş etdirmək üçün irəli sürülən bu təşəbbüslər dünyada yaşıl nəqliyyata keçid üçün mühüm töhfələr verəcək. 

Azərbaycan nümayəndəsi tədbir çərçivəsində Çinin Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən və 2022-ci ildən etibarən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən Qlobal Dayanıqlı Nəqliyyat İnnovasiyaları və Bilik Mərkəzi (GSTIKC) ilə tanış olub. 

Görüş zamanı dayanıqlı nəqliyyatın qurulması sahəsində əməkdaşlıq, bu Mərkəzin Azərbaycanda filialının yaradılması imkanları müzakirə olunub. Belə bir mərkəzin ölkəmizdə açılmasının nəqliyyat sahəsində tədqiqat və innovasiyaların inkişafı üçün əhəmiyyətli olacağı bildirilib. 

Eyni zamanda qlobal dayanıqlı nəqliyyat təşəbbüslərində ölkəmizin fəal iştirakı, COP29, Beynəlxalq Nəqliyyat Forumu kimi beynəlxalq platformalarda lider mövqedən çıxış edərək bu məqsədlərin və yaşıl nəqliyyata keçidin bütün platformalarda dəstəklənməsi barədə atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.