Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il Azərbaycan Texnologiya Universitetinin məzunu olan müharibə əlili Elmar Nəsirovla görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə ATU-nun rektoru, dosent Yaşar Ömərov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Niyazi Bayramov görüş zamanı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlara göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində şərəfli Qələbə qazanmışıq. Bu döyüşlərdə Elmar kimi vətənpərvər, igid gənclərin sarsılmaz iradəsi və qəhrəmanlığı xüsusi rol oynayıb.

Görüş zamanı Niyazi Bayramov Elmar Nəsirovu Azərbaycan Texnologiya Universitetini uğurla bitirməsi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rektor Yaşar Ömərov görüşün təşkilinə görə Niyazi Bayramova təşəkkürünü bildirib, Elmar Nəsirova isə həyat yolunda uğurlar diləyib.

Elmar Nəsirov çıxışında Vətən müharibəsində ağır yaralanmasına baxmayaraq, hazırda aktiv həyat tərzi sürdüyünü vurğulayıb. Qeyd edib ki, Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarında könüllü kimi iştirak edəcək. O, göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, 2020-ci il oktyabrın 26-da Füzuli–Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb. YAŞAT Fondu vasitəsilə 25 mart 2021-ci ildən etibarən Türkiyənin Bursa şəhərində yerləşən Fiziki Reabilitasiya Xəstəxanasında müalicə alıb və 14 dəfə əməliyyat olunub. Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.