Amerika Birləşmiş Ştatlarının Qazaxıstan mallarına 25% rüsum tətbiq etməsinə qarşı tədbirlər planı hazırlanır. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"ABŞ tərəfindən Qazaxıstandan gələn mallara 25%-lik gömrük rüsumunun tətbiqi ilə əlaqədar Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi rəsmi cavab hazırlayır", - mətbuat xidmətinin bəyanatında deyilir.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə məktub göndərərək, Vaşinqtonun 2025-ci il avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara 25%-lik rüsum tətbiq etməsi barədə məlumat verib.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirmişdi.