İyulun 7-də Lənkəran şəhər “Starway Hotel”də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Lankaran Open Beynəlxalq Şahmat Festivalı” keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında respublikamızda intellektual idman növü kimi şahmatın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ümümmilli Liderin hakimiyyətdə olduğu dövrdə görülən tədbirlər nəticəsində şahmat oyununa maraq kütləvi xarakter alıb və Azərbaycanın şahmat məktəbi formalaşmağa başlayıb: ”Nəticədə dünya çempionatlarında, beynəlxalq turnirlərdə şahmatçılarımızın qələbələri respublika şahmatsevərlərinin sayının artmasına, müvafiq məşqçi kadrların yetişməsinə təkan verib. Bu inkişafın bəhrələri özünü xüsusilə müstəqillik dövründə daha çox göstərməyə başlayıb”.  

Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasətin onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan ŞİH başçısı Azərbaycanın öz şahmatçılarının uğurları ilə haqlı olaraq fəxr etdiyini, aparıcı şahmatçılarımızın beynəlxalq səviyyədə ölkəmizi laiqincə təmsil etdiklərini bildirib. 

Şahmatın diqqət, strateji düşüncə, planlaşdırma, zehni, fərdi və sosial bacarıqların inkişafındakı rolu barədə danışan Taleh Qaraşov bu intellektual oyunun həm fərdi inkişaf, həm də cəmiyyətin intellektual potensialının artırılması üçün mükəmməl bir vasitə kimi qəbul edildiyini qeyd edib: ”İnanıram ki, belə tədbirlər lənkəranlı gənclərdə düşünmə mədəniyyətinin, məqsədyönlülüyün və rəqabətə sağlam münasibətin formalaşmasında mühüm rol oynayacaq”. 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov  bildirib ki, beynəlxalq festivalın keçirilməsində əsas məqsəd ölkəmizdə, eləcə də regionlarımızda şahmatın təbliği və inkişafı, şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqinin artırılması, beynəlxalq normaların yerinə yetirilməsi, gənc şahmatçıların Avropa, dünya çempionatlarına hazırlığı və eləcə də hakimlərimizin beynəlxalq normalarının ödənilməsidir.

Rəsmi çıxışlardan sonra Lənkəran ŞİH başçısı cənab Taleh Qaraşovun  ilk şahmat gedişini etməsi ilə çempionat start götürüb. 

Strateji düşüncəni, səbr və zəkanın vəhdətini əks etdirən intellekt oyunda iştirak edən iştirakçılarımıza uğurlar diləyirik, festivalınyeni dostluq və əməkdaşlığa  çevrilməsini arzu edirik.