"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq onun strukturdurlaşdırılması hesabına əldə olunmasıdır". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan  “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynalov deyib.

O bildirib ki, sabit tarif səviyyəsinin əhalinin hər bir abonenti üzrə aylıq 1 manatı aşmayacaq. Nazir müavini qeyd edib ki, sabit tarif əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacaq:

"Sabit tarifə aid xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir. Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. Qeyd etmək istərdim ki, Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcının hesabına təchiz olunur. Müqayisə üçün bildirmək istərdim ki, Türkiyə, Rusiya, Gürcüstanda sayğacların dəyəri bilavasitə abonentlər tərəfindən ödənilir. Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki prosesdir. Bu məqsədlərin həyata keçirilməsi üçün əlavə maliyyə yükü və infrastruktur tələb olunur. Yəni, abonent şəbəkəyə qoşulan zaman ererji istehlak edib-etməməsindən asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Bu zaman belə bir sual meydana çıxır: "Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir". Bu baxımdan tarif sisteminin təkmil iqtisadi yanaşmalarla strukturlaşdırılması gələcəkdə bu istiqamətdə ədaləti, əlçatan tariflərin formalaşmasına səbəb olacaq".

Anar Kəlbiyev