Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə start verilib.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilir ki, genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq. Layihəyə əsasən, zəruri sahələrdə istinad divarlarının tikintisi, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün isə piyada səkilərinin inşası nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi.