"Bakıdakı mədəniyyət mərkəzimiz bağlandı və biz bununla razılaşmırıq".
"Unikal" xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.
"Azərbaycan tərəfi bildirdi ki, mədəniyyət mərkəzimiz hələ 90-cı illərdə imzalanmış hökumətlərarası sazişdə göstərildiyi kimi yerli hüquqi şəxs kimi qeydiyyata alınmalıdır. Biz uzun illər Azərbaycanın həm Xarici İşlər Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə bunun necə və hansı formada edilməli olduğunu soruşsaq da, cavab verilmədi.
Eyni zamanda, Azərbaycan tərəfinin sazişi denonsasiya etməməsinə diqqəti cəlb etmək istərdim. Sadəcə olaraq, bu mexanizmin içində nöqsan tapıla bilən hüquqi əsas var və onlar bunda səhv tapıblar. Hazırda səfirliyimizdə mədəniyyət şöbəsi fəaliyyət göstərir, Bakıda “Rus evi” deyilən yer yoxdur – bu yaxınlara qədər səfirlik tərəfindən bəzi mədəni tədbirlər keçirilirdi. İndi bununla bağlı müəyyən çətinliklər var.
Azərbaycandakı rus icmasının nümayəndələri bir neçə bəyanatla çıxış ediblər, lakin Rusiyanı deyil, öz dövlətləri olan Azərbaycanı dəstəkləyiblər. Mövqe başa düşüləndir, çünki onların Azərbaycan pasportu var. Buna baxmayaraq, mən istərdim ki, soydaşlarımızın öz vətənlərinə rəğbəti daha aydın şəkildə nümayiş etdirilsin", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu