Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə start verilib.

"Unikal" xəbər verir ki, turnir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi,  AİJA-nın təşkilatçılığı, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilib.

AzMİU-nun İdman Korpusunda gerçəkləşən açılış mərasimində universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezident Ramin Allahverdiyev, Olimpiya mükafatçısı Hacı Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçılarının çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb, bu qəbildən olan turnirlərin yeniyetmə və gənc idmançıların peşəkar səviyyədə formalaşmasına töhfə verdiyi bildirilib.

Prorektor professor Akif Qasımov çıxışında gənc güləşçilər arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionlarının yetişəcəyinə inandığını bildirib, dövlət rəhbərliyinin idmana göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilə təbriklərini çatdıraraq, turnirdə iştirak edən güləşçilərə uğurlar arzulayıb.

Əməkdar jurnalist Murad Fərzəliyev çıxışında Respublika turnirinin gənc idmançılar üçün önəmli imkan yaratdığını qeyd edib, onların gələcəkdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.

Tədbirdə həmçinin AzMİU-nun 50 illik yubileyi münasibətilə Milli Olimpiya Komitəsinin adından təhsil ocağına xatirə hədiyyəsi təqdim olunub.

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru, Olimpiya mükafatçısı Hacı Əliyev yarışın əhəmiyyətindən danışaraq, iştirakçılara öz tövsiyələrini verib.

Daha sonra AzMİU-nun müxtəlif yarışlarda uğur qazanmış idmançı tələbələri mükafatlandırılıb.

Rəsmi hissənin sonunda Respublika turnirinə start verilib.

Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın yeniyetmə və gənc güləşçi iştirak edir.