"Ermənistanın Gömrük İttifaqına qoşulması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ərazi bütövlüyü prinsipini prioritet edir"
12:17 10-09-2013
CƏMİYYƏT
"Ermənistanın Gömrük İttifaqına qoşulması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ərazi bütövlüyü prinsipini prioritet edir"
"Rusiyanın Azərbaycana və onun Dağlıq Qarabağ probleminə münasibəti müsbət tərəfə dəyişib. Gömrük İttifaqının digər üzvləri Qazaxıstan və Belarusun Dağlıq Qarabağın müstəqilliyinə münasibətləri bəllidir. Eləcə də hər iki dövlətin Azərbaycana münasibətləri bəllidir. Ermənistanın öz xahişi ilə Gömruk İttifaqına üzvlüyü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ərazi bütövlüyü prinsipini prioritet edir və tənzimləməni sürətləndirir. Bunu Ermənistanın başa düşməsinə ehtiyac yoxdur".
Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politiolqun sözlərinə görə, Ermənistan, nəhayət ki, Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq haqqında xahişlə çıxış etdi. Ən azı, Ermənistan Prezidenti Serj Sarkisyan Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Moskvada keçirdiyi mətbuat konfransında ölkəsinin Gömrük İttifaqına qoşulmasını Ermənistanın təşkilat üzvlərindən olan xahişi kimi təqdim etdi:
"İkibaşlı danışmaq Ermənistan Prezidentinin anadangəlmə xasiyyətidir. O, ətrafdakılara bildirdi ki, Ermənistanı Gömrük İttifaqına zorla qatdılar. Bu belə idisə, ən azı, Ermənistan Prezidenti Moskvaya səfərə getməz, Avropa paytaxtlarından birində oturub Rusiyanı Ermənistana təzyiqdə ittiham edə bilərdi. Ermənistanın Rusiyanın təzyiqi qarşısında davam gətirməli halı yoxdur. Reallıqda da Ermənistan əvvəlcədən Rusiya ilə münasibətlərini elə qurub ki, Rusiya Ermənistan iqtisadiyyatının və hərbisinin tam sahibidir. Təkcə siyasi idarəetməni dəyişməklə müstəqil siyasət aparmaq mümkün deyil. Ona görə də Ermənistanın Gömrük İttifaqına və Aİİ-yə qoşulması sürpriz deyil, Ermənistanın apardığı siyasətin məntiqi nəticəsidir. S.Sarkisyan Gömrük İttifaqının digər iki üzvündən bir az da irəli gedərək Aİİ-yə qoşulmaqla da bağlı müraciət etdi. Rusiya, Belarus, Qazaxıstan Aİİ-nin təsis olunması sənədlərini imzalasalar da, Qazaxıstan və Belarus Aİİ-yə üzv olmaqla bağlı hələ müraciət etməyiblər. Rəhbəri Viktor Xristenko olan Aİİ keçmiş SSRİ Nazirlər Sovetinin prototipidir".
M.Əhmədoğlunun fikrincə, S.Sarkisyan Moskvadan qayıdan kimi Ermənistanda baş verən fəallıq diqqəti cəlb edir:
"Ermənistanın müdafiə naziri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan ərazisindəki hissəsinə baş çəkdi və oradaca həmin ərazidə erməni qoşunlarının irimiqyaslı hərbi əməliyyatlar keçirməsi ilə bağlı əmr verdi. Onun müavini Davit Tonoyan Moskvaya gedərək A.Antonovla Rusiyanın Azərbaycana satdığı silahların eynisinin Ermənistana havayı verilməsini tələb etdi. Rusiyanı məcbur etdi ki, Azərbaycanın silahlanmasının Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsinə uyğunluğunu beynəlxalq aləmdə qaldırsın. Başqa sözlə, Azərbaycanı silahlandıran Rusiya özünün əməllərini beynəlxalq müzakirəyə çıxarmalıdır. Ermənistan hökuməti yanında Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan Dağlıq Qarabağa gəldi və Xankəndi aeroportunun fəaliyyətə başlamasını müzakirə etdi. Erməni rəsmiləri Rusiyadan "Metsamor" AES-in yenidən fəaliyyətə başlamasının maliyyələşdirilməsini tələb etdilər. Ermənistanın bir neçə rəsmisi gürcü-abxaz dəmiryolunun yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirdi. Guya bu barədə Rusiya ilə Gürcüstan danışıqlar aparıb. Sonradan Ermənistan rəsmilərinin gürcü-abxaz dəmiryolunun açılması ilə bağlı danışıqların getməsi haqqında verdiyi bəyanat Abxaziya tərəfindən qəti şəkildə rədd edildi. Rəsmi Gürcüstan da Rusiya ilə gürcü-abxaz dəmiryolunun açılması barədə danışıqların aparılmadığını bildirdi".
Mərkəzin direktorunun qənaətincə, bu aktivlik erməni konfliktogenliyinə söykənən avantürist blef siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Gömrük İttifaqına qoşulan Ermənistan ayrı istiqamətdə aktivlik göstərməlidir:
"Əvvəla, Baş nazir Tiqran Sarkisyan və digər bir neçə nazir Rusiyanın tələblərinə cavab vermədiyi üçün yeniləri ilə əvəzlənməli idi. Bu addımı atmaq Dağlıq Qarabağa, Moskvaya nümayəndələr göndərməkdən daha asandır. İkincisi, Ermənistan Rusiyaya meyilli rəsmi şəxsləri (Ermənistan PA rəhbəri və Yerevan şəhərinin keçmiş merini) vəzifədən azad etməsinin səbəbini izah etməli idi. Eləcə də Ermənistanda antirusiyaçılığın mahiyyətini izah etməliydi. Bundan əlavə, Gömrük İttifaqına daxil olan Ermənistan 29.8 min kvadratkilometr ərazisi olan dövlətdir. Belə olan halda Ermənistan Dağlıq Qarabağla gələcək əlaqələrinin necə olacağını müəyyənləşdirməlidir. İran və İran ərazisi vasitəsilə digər ölkələr, hətta bəzi Avropa dövlətləri məhsullarını Dağlıq Qarabağa göndərib, oradan da güzəştli şərtlərlə Gömrük İttifaqı ərazisinə daxil edə bilərlər. Çünki Dağlıq Qarabağ işğal altında olan nəzarətsiz ərazidir".
M.Əhmədoğlunun fikrincə, rəsmi Yerevan Sünik vilayətində Gorusdan Dağlıq Qarabağa gedən avtomobil yolunun üstündə tikdiyi gömrük məntəqəsinin mahiyyətini də açıqlamalıdır: "Ermənistan bunu Avropa ittifaqının, yoxsa Rusiyanın təsiri altında etdiyini bildirməlidir və ya hər iki tərəfin belə nəzarət keçid məntəqəsini tikməyi tələb etdiyini etiraf etməlidir. Bütün hallarda gömrük məntəqəsi Ermənistanla Dağlıq Qarabağ arasındadır. Prezident S.Sarkisyan Rusiya və Avropa rəhbərliyini qarşı-qarşıya qoymaqda, onlara yalan danışmaqda məqsədlərini açıqlamalıdır".
Politoloq hesab edir ki, hər halda bu işləri görmək Dağlıq Qarabağ məsələsində avantüristlikdən daha faydalıdır. Çünki Ermənistanın son 25 ildəki Dağlıq Qarabağ siyasəti onu indiki vəziyyətə salıb. Ona görə də bu siyasətdən nə qədər tez əl çəksə, Ermənistan dövlətçiliyinin mövcudluğu da bir o qədər qazanacaq.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06