Son günlərdə Yer kürəsində müşahidə olunan ekstremal istilər həm insan sağlamlığına, həm də planetin ekosisteminə ciddi təsir göstərir.

"Unikal" xəbər verir ki, Dünya Meteoroloji Təşkilatının (WMO) verdiyi açıqlamaya görə, 2050-ci il üçün nəzərdə tutulan temperatur proqnozlarının bir çoxu artıq bu gün reallaşmağa başlayıb.

Avropa İttifaqına bağlı Copernicus İqlim Dəyişiklikləri Xidməti tərəfindən yayımlanan son hesabatda bildirilir ki, bu ilin iyun ayında Avropada orta temperatur 1991–2020 illəri arasındakı ortalamanı 1,10°C üstələyərək 18,46°C-ə yüksəlib. Bu göstərici Avropa tarixində qeydə alınmış ən isti beşinci iyun ayı kimi yadda qalıb. İqlim mütəxəssislərini narahat edən əsas məsələ isə gələcək üçün nəzərdə tutulan iqlim ssenarilərinin artıq bu gün yaşanmasıdır.

WMO-nun 2015-ci ildə yayımladığı 2050-ci il üzrə proqnozlarda İspaniyanın Huelva şəhərində 43°C temperatur gözlənilirdi. Lakin bu ilin iyun ayında orada temperatur 46°C-ə çatıb. Fransa üzrə proqnozlaşdırılan Paris, Lion, Nims, Strasburq və Agen kimi şəhərlərdə də 2050-ci ilə aid istilik limitləri ya artıq keçilib, ya da həddə çatıb.

Fransada iyun ayının son günlərindən etibarən təsirli olan istilik dalğası səbəbilə “Meteo France” hava xidməti 16 vilayətdə qırmızı, 68 vilayətdə isə narıncı xəbərdarlıq edib. 1 iyul tarixinə olan məlumata görə, bir çox bölgədə temperatur 40°C-i keçib, gecə saatlarında belə 20°C-dən aşağı enməyib. Həddindən artıq isti hava səbəbilə azı iki nəfər həyatını itirib.