"Ermənistan Respublikası həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlarla “Sülh yollarının kəsişməsi” layihəsini müzakirə edir. Ermənistan həmçinin Respubliknın Sünik rayonu ilə Ermənistan Respublikasının qalan hissəsi arasında, habelə Azərbaycan Respublikası ərazisindən üçüncü ölkələrə nəqliyyat əlaqəsinin açılmasını gözləyir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan açıqlayıb. 

"Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Azərbaycandan və üçüncü ölkələrə nəqliyyat əlaqəsini təmin etməyə hazırdır. Bütün bunlar iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyasına tam hörmət və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. 

Ermənistan Respublikası həm yüklərin, nəqliyyat vasitələrinin, boru kəmərlərinin, kabellərin və təbii ki, sərnişinlərin tranzit təhlükəsizliyini təmin etməyə hazırdır. İki ölkədə nəqliyyat marşrutlarının açılması üçün lazım olan investisiyalara gəlincə, hər bir ölkə özünə uyğun investisiya sxemlərini müəyyənləşdirir", - deyə o qeyd edib. 

Paşinyanın mətbuat katibi həmçinin bildirib ki, Ermənistan hökuməti davamlı olaraq regionun nəqliyyat marşrutlarının açılması üçün Azərbaycana təkliflər verib: "Bundan başqa, ötən il Azərbaycana yeni təklif irəli sürülüb ki, ona əsasən erməni maşinistləri olan erməni lokomotivləri Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası, eləcə də Sünik rayonu və Ermənistan Respublikasının digər əraziləri arasında dəmir yolu ilə yük daşımalarını təmin edə bilər. Paşinyan bu təklifi “İrəvan dialoqu” konfransı zamanı açıqlayıb. Lakin Azərbaycan ya susur, ya da bu təklifləri rədd edir. 

Dəmir yolunun tikintisinə gəlincə, Azərbaycanda çəkilən dəmir yolunun da daxili əhəmiyyəti var. Ermənistan Respublikası Sünik bölgəsində 42 km uzunluğunda dəmir yolunun tikintisinə yalnız Azərbaycanla razılaşdığı halda həvəs göstərəcək, çünki Azərbaycanla razılaşma olmadan bu dəmir yolundan hətta Ermənistanda daxili yüklərin daşınması üçün də istifadə edilə bilməz. Adı çəkilən dəmir yolunun tikintisinə Azərbaycanla razılıq əldə edildikdən dərhal sonra başlanacaq və artıq hazırlıq işləri aparılır.

Ermənistan Respublikası qonşuları ilə bütün nəqliyyat marşrutlarının açılmasında maraqlıdır".

Ağarza Elçinoğlu