Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır.
"Unikal" xəbər verir ki, belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. Ötən həftə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olan məlumat əsasında əraziyə qəza xidməti cəlb olunub. Aparılan monitorinq zamanı qəzanın 1400 mm diamterli Kür-1 magistral su kəmərininin üzərində tikilən vətəndaşa məxsus həyətyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyi aşkarlanıb.
Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır.
Buna baxmayaraq, magistral xətdə baş verən qəza Xidmətin əməkdaşlarının səyi nəticəsində tam aradan qaldırılsa da, evlərin məhz xəttin üzərində tikilməsi səbəbindən şəbəkənin digər bir hissəsində yenidən qəza baş verib. Bu səbəbdən təmir işləri planlaşdırılmış müddətdən artıq davam etdirilib. Eyni zamanda, xəttə birbaşa müdaxilənin qeyri-mümkünlüyü bərpa işlərini daha da çətinləşdirib. Bütün çətinliklərə baxmayaraq qəza briqadasının səyləri nəticəsində xəttin zədələnmiş hissəsi bərpa olunub və abonentlərin su təchizatı əvvəli rejm üzrə təmin edilib.
Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması su təchizatının idarə olunmasına ciddi əngəl yaradır. Belə tikililər infrastrukturun sıradan çıxmasına səbəb olur.