Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi Abşeron rayonunda qeyd olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, BDU-nun kafedra müdiri, professor, filalogiya elmləri doktoru, “Əməkdar jurnalist” Qulu Məhərrəmli, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, YAP Abşeron Təşkilatının nümayəndələri, jurnalistlər, şəhid ailələri iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə mətbuat işçilərini peşə bayramları münasibəti ilə təbrik edən G.Rəhimova Azərbaycan jurnalistikasının bugünki uğurlarından söz açıb. Ölkəmizdə Azərbaycançılıq ideologiyasının inkişafında, milli maraqlarımızın təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatımızın müstəsna rolunun olduğunu vurğulayan G.Rəhimova III Şuşa Qlobal Media Forumu zamanı Azərbaycan Respublkikasının Prezidenti cənab İlham Əliyevin nitqindən sitat gətirib. Ölkə başçısı qeyd edib ki, “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır”.

Sonra professor Qulu Məhərrəmli milli mətbuatımızn tarixindən, keçdiyi yoldan, dünənindən, bu günündən və gələcək perspektivlərindən söz açıb. Azərbaycan mətbuatının milli maraqlarımızı müdafiə etdiyini, dövlətçiliyimizi, vətənpərvərliyi təbliğ etdiyini qeyd edən natiq əlavə edib ki, mətbuatımız bundan sonra da inkişaf yolu tutacaqdır.

Daha sonra “AzerTAC”-ın əməkdaşı Ətrabə Rzayeva, “Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud, “Qobu” qəzetinin baş redaktoru Məmmədağa Orucəliyev, “den.az” portalının təsisçisi və baş redaktoru Nizami Rəsulov çıxış edərək çağdaş Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən, milli mətbuatımızın keçdiyi tarixi inkişaf yolundan söz açıblar.

Tədbirin sonunda bir qurup abşeronlu mətbuat işçiləri Fəxri Fərmanlarla təltif olunub və xatirə şəkili çəkilib.