Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbər şəxsləri arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil edilən görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev qarşılıqlı əməkdaşlıq haqqında birgə fəaliyyət planını imzalayıblar.
E.Səfərli görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, əmək bazarının təhlili, insan kapitalının inkişafı və sosial siyasətin təkmilləşdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri qurumun əsas prioritetərindən biridir. Əməkdaşlığın gələcəkdə daha məhsuldar və davamlı birgə təşəbbüslərə zəmin yaradacağı vurğulanıb.
Y.Ağayev isə çıxışında əmək və sosial müdafiə sahəsində elmi yanaşmaların gücləndirilməsi məqsədilə Milli Observatoriya ilə əməkdaşlığın rəsmi müstəviyə keçməsinin əhəmiyyətinə toxunub. Qeyd edilib ki, əməkdaşlıq çərçivəsində təlim proqramlarının hazırlanması, gənc tədqiqatçıların dəstəklənməsi və elmi tədbirlərin təşkili kimi mühüm istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Fəaliyyət Planına əsasən, Milli Observatoriyanın sorğu sahəsindəki şəffaf və uğurlu təcrübəsi əsasında Akademiyada həyata keçirilən tədqiqatlar üçün sorğu bankının yaradılmasına və təkmilləşdirilməsinə dəstək göstəriləcək. Eyni zamanda, Akademiyanın magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ortaq dissertasiya mövzularının hazırlanıb təqdim edilməsi, birgə elmi məqalə və təhlillərin hazırlanması da nəzərdə tutulur.
Həmçinin əməkdaşlıq çərçivəsində Akademiya məzunlarının məşğulluq səviyyəsinin təhlili aparılacaq.