"Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir:

"Bununla belə, Məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi. Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsi ehtiyac duyuldu.

Bununla, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Məcəllədə tutulmuş üsullardan yəni, girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur".

Deputat qeyd edib ki, yeni dəyişikliklər ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcəkdir.

"Bütövlükdə, yeni dəyişikliklər ilə başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslər ilə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır", - deyə V.Bayramov vurğulayıb.