İyulun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu  Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. 

Taleh Qaraşov bildirib ki, vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin xüsusi tapşırıq və tövsiyələri insanların yerlərdəki qayğı və problemlərinin həlli istiqamətində daha çevik, operativ və yerində addımların atılmasına hesablanıb.

Ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran Taleh Qaraşov yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlərin həll olunduğunu, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlandığını qeyd edib.

Açıq dialoq formatında baş tutan səyyar görüş-qəbulda Şürük, Türkəkəran, Tütəpeştə və Moğonojba kəndlərinin sakinləri vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, qaldırdıqlarına məsələlərə operativ, həllə yönəlik addımların atılmasına və ölkəmizdə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq dərəcədə yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.