İranın cənubundakı Buşehr əyalətində havanın temperaturunun bu həftə Selsi üzrə 50 dərəcəni keçəcəyi ilə bağlı meteorologiya orqanlarının xəbərdarlığından sonra iyulun 29-30-da dövlət müəssisələrinin bağlanması barədə qərar qəbul edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buşehr qubernatorunun müavini Ferdin İslamirad məlumat yayıb.
İslamirad bildirib ki, bu qərar həddindən artıq istilərin işçilərin sağlamlığına mənfi təsirlərini azaltmaq və enerji sərfiyyatına nəzarət etmək üçün verilib.
Paytaxt Tehran da daxil olmaqla 14 əyalətdə enerji istehlakının artması ilə bağlı problemlərin qarşısını almaq üçün iyulun 23-də dövlət qurumları bağlanıb.
İranda temperatur yüksəldikcə, xüsusilə kondisionerdən istifadənin intensiv olduğu dövrlərdə elektrik istehlakı pik həddə çatmaqla enerjiyə qənaət tədbirləri güclənir. Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik kəsilməsi tətbiq edilir.
Hakimiyyət orqanları mütəmadi olaraq enerji resurslarından səmərəli istifadə ilə bağlı əhaliyə xəbərdarlıq edir.