Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının könüllü və gəncləri üçün onların dünyagörüşünün zənginləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yay məktəbi təşkil olunub.

"Unikal" xəbər verir ki, iyul ayının 24-dən start götürmüş yay məktəbinin iştirakçıları əvvəlcə rayon təşkilatının sədri Ramil Vəlibəyov ilə görüşüb, proqram və təlimatlar ilə tanış olublar.

İştirakçılar Zəfər abidəsini, “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini və Nizami rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Gənclər Heydər Əliyev Mərkəzi, “Suraxanı" gəmi-muzeyi, “Siyasi repressiya qurbanları” muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da olub, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Ulduz” şokolad fabriki, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti ilə tanış olublar.

Yay məktəbinin iştirakçıları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, Əməkdar artist Rafiq Həşimov və Xalq yazıçısı Çingiz Abdullayev ilə görüşüb, aparıcı Jalə Həsənlinin “Natiqlik bacarıqları”, sosial media mütəxəssisi Rəsul Səlimzadənin “Süni intellekt və onun müasir həyatımıza təsiri” mövzularında keçirdikləri təlimlərdə iştirak ediblər.

Könüllülərin və gənclərin yay məktəbi çərçivəsində Şamaxı, Quba və Qarabağa səfərlər də təşkil edilib. Gənclər Şamaxıda Cümə məscidini, Astrofizika Rəsədxanasını, Safari Parkını, Qubada isə Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Qarabağa səfər zamanı isə iştirakçılar Xankəndi şəhərində Zəfər meydanı və Qarabağ Universiteti ilə tanış olub, Şuşa şəhərində Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı Gövhərağa məscidini, güllələnmiş heykəlləri, Natəvanın evini, Şuşa qalasını və İsa bulağını ziyarət ediblər. Şuşa şəhərindən sonra yay məktəbinin iştirakçıları Laçın şəhərində də olublar.

Yay məktəbi gənclərdə yüksək təəssürat formalaşdırıb.