Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronu ev dustaqlığına buraxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə həmçinin onun mobil telefondan istifadəsinə qadağa qoyub və ünsiyyət qura biləcəyi insanları məhdudlaşdırıb.
Hakim Alexandre de Moraes hökmünü Bolsonaronun avqustun 3-də video link vasitəsilə tərəfdarlarına müraciət etməsi və daha sonra onun nitqinin hissələrinin sosial mediada yayılması ilə əsaslandırıb. Hakim bunu istintaq orqanlarına və məhkəmə sisteminə təzyiq cəhdi kimi qiymətləndirib.
70 yaşlı keçmiş prezident 2022-ci il seçkilərində qalib gələn Luiz İnasio Lula da Silva hökumətini devirmək planında ittiham olunur. İttihama görə, 8 yanvar 2023-cü ildə Bolsonaro tərəfdarları Lulanın andiçməsindən qısa müddət sonra Konqresə, Ali Məhkəməyə və Braziliyadakı prezident sarayına basqın ediblər.
İyulun 19-da məhkəmə artıq siyasətçiyə bir sıra qadağalar qoyub - ondan elektron qolbaq taxmaq, gecələr ev dustaqlığını müşahidə etmək və sosial şəbəkələrdən istifadə etməmək tələb olunur. Hazırkı məhkəmə prosesinin başa çatmaq üzrə olduğu bildirilir. Bolsonaro ölkədə “demokratik hüquqi nizamı məhv etmək”də ittiham olunur.
Lakin Bolsonaro bütün ittihamları rədd edir.
Gülayə Mecid