"20 yaşımı Almaniyada, 30-u Yaponiyada, 40-ı Məkkədə, 46 yaşımı isə bu gün Türkmənistanda qarşılayıram".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova sosial şəbəkədə yazıb. Ad günü olan muğam ifaçısı təəssüratlarını bu sözlərilə bölüşüb:
"Bu illər ərzində sənət yolumda bir çox ölkələr gördüm, səhnələr, dillər dəyişdi, amma qəlbimdəki muğam sevgisi heç dəyişmədi. Bu yolda mənə hər zaman dəstək olan, muğam sənətimizin dünya səhnələrində ucalmasına böyük töhfə verən Azərbaycanın Birinci xanımı, dəyərli və humanist insan Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərimi və dərin hörmətimi bildirirəm. Onun mənə və sənətimizə olan qayğısı, inamı mənim üçün ilham, güc və dayaq olub.
Mənə zirvədə durmağı, sənətdə təmiz, vicdanlı və əzmkar olmağı öyrədən isə ustadım — atam oldu. Çünki ustadım atam mənə kölgədə yox, zirvədə dayanmağı öyrətdi. Bu yol asan olmadı… Çiyinlərimdə çox ağırlıqlar gəzdirdim. Amma heç biri məni sənətimdən, yolumdan döndərə bilmədi. Çünki bizim yolumuz – bir ruh oldu, bir nəfəs…".