İranda qadın 22 il ərzində 11 ərini öldürüb. Baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib.  

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Mazandaran əyalətində 22 il ərzində yaşca böyük kişilərlə evlənərək onların mehr pullarını və miraslarını ələ keçirən 56 yaşlı Gülsüm Əkbəri adlı qadının 11 ərini müxtəlif üsullarla qətlə yetirdiyi üzə çıxıb.

Məlumata görə, cinayətlər 2000-ci ildən başlayıb, 2023-cü ildə isə 82 yaşlı Əzizullah Babainin şübhəli ölümü ilə ifşa olunub. Belə ki, Babainin oğlu Gülsüm adlı qadının atasını zəhərləmək istədiyini iddia edib və polisə müraciət edib.  

Bundan sonra polis onun barəsində istintaq başladıb və onun keçmişdəki cinayətlərini "isti izlərlə" açıb. Qadın ilkin dindirilmə zamanı bütün cinayətlərini etiraf edib. Prokurorluğun iddianaməsinə əsasən, o, 11 qəsdən adam öldürmə və 1 adam öldürməyə cəhd ittihamı ilə mühakimə olunur.

İstintaqın məlumatına görə, Əkbəri  özündən yaşca böyük kişilərlə tanış olub, maliyyə vəziyyətlərini öyrəndikdən sonra yüksək mehr qarşılığında onlarla evlənib. Ardınca isə yüksək dozada təzyiq, diabet və sakitləşdirici dərmanlar, bəzi hallarda isə metil spirtindən istifadə edərək onları yavaş-yavaş zəhərləyib. Dərmanların təsir etmədiyi hallarda isə yastıq və dəsmalla boğaraq qətlə yetirib.

Cinayətlər Sari, Neka, Mahmudabad, Babol və Qaimşəhr şəhərlərində baş verib. Məhkəmədə dörd qurbanın ailəsi İslam qanunlarına əsasən edam cəzası tələb edib. Ümumilikdə 45-dən çox iddiaçının iştirakı ilə davam edən prosesdə, bütün ifadələr dinlənildikdən sonra hökm açıqlanacaq.

Gülayə Mecid