Çinli aksiyon kamera istehsalçısı "Insta360" əməkdaşlarına arıqladıqları çəkiyə görə pul mükafatı verən “Arıqla və qazan” adlı korporativ təşəbbüsə start verib.
"Unikal" xəbər verir ki, bu barədə "City News Service Shanghai" məlumat yayıb.
Qaydalara görə, hər itirilən 500 qram çəki üçün işçilərə 500 yuan (təxminən 118 AZN) ödənilir. Əksinə, çəki artımı zamanı isə hər 500 qram üçün 800 yuan (təxminən 189 AZN) cərimə nəzərdə tutulub.
Artıq 99 əməkdaş layihəyə qatılaraq ümumilikdə 950 kiloqram arıqlayıb və şirkətdən təxminən 1 milyon yuan (236 700 AZN) mükafat qazanıb. Proqram müddətində heç bir cərimə tətbiq edilməyib.
"Insta360" rəhbərliyi vurğulayıb ki, layihənin məqsədi sağlam həyat tərzini təşviq etmək və işə, həmçinin şəxsi inkişafa müsbət münasibət formalaşdırmaqdır.