Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları Rusiya liderinin qələbəsi ilə başa çatıb.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
"Tramp uduzmadı, amma Putin açıq şəkildə qalib gəldi. Münaqişə bitməkdən çox uzaqdır, amma mən deyərdim ki, Putin istədiyinin əksəriyyətinə nail oldu. Tramp isə çox az şeyə nail oldu", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, Tramp görüşün nəticəsində yalnız yeni görüşlər haqqında razılaşma əldə edib, Rusiya isə öz növbəsində Ukraynada atəşkəsdən və yeni sanksiyalardan yayına bilib. Eyni zamanda, Putin əsas məqsədini - ABŞ ilə münasibətləri bərpa etmək üçün çox səy göstərib.
Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında keçirilən "Alyaska zirvəsi" 2 saat 45 dəqiqəlik danışıqlardan sonra başa çatıb. Tramp və Putin sonra birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin sualları cavabsız qalıb.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə zirvə görüşündən sonra Ukrayna ilə bağlı heç bir razılaşmanın olmadığını etiraf edib.
Rusiya liderinin çıxışından əsas məqamlar:
- Danışıqlarımız hörmətli və konstruktiv atmosferdə keçdi. Çox əsaslı və faydalı oldu.
- Alyaskadakı razılaşmalar Ukrayna probleminin həlli və Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası üçün istinad nöqtəsi olacaq.
- Rusiya Ukrayna xalqını qardaş xalq hesab edir, baş verənləri isə faciə və böyük ağrı hesab edir.
- Rusiya Ukrayna böhranına son qoyulmasında maraqlıdır.
- Prezident Trampla razıyam, o, bu gün bu barədə danışdı ki, Ukraynanın da təhlükəsizliyi təmin edilməlidir. Təbii ki, biz bu istiqamətdə işləməyə hazırıq. Trampla əldə olunan anlaşma Ukraynada sülhə yol açacaq.
- Tramp 2022-ci ildə prezident olsaydı, Ukrayna ilə müharibə olmazdı. Xatırlayıram ki, 2022-ci ildə əvvəlki administrasiya ilə son təmaslarım zamanı keçmiş amerikalı həmkarımı (Co Baydeni) inandırmağa çalışdım ki, hərbi əməliyyatlar şəklində ciddi nəticələrə səbəb ola biləcək vəziyyətə gətirməyə ehtiyac yoxdur. Və o zaman birbaşa dedim ki, bu, böyük səhvdir. Və bu gün biz prezident Trampın “mən prezident olsaydım, müharibə olmazdı” dediyini eşidirik. Düşünürəm ki, bu, həqiqətən də belədir. Mən bunu təsdiq edirəm.
ABŞ liderinin çıxışından əsas məqamlar:
- Razılaşdığımız çoxlu məqamlar var idi, deyərdim ki, bir-iki böyük məqam var ki, biz hələ tam razılaşa bilməmişik, lakin bir qədər irəliləmişik. Onlardan biri, yəqin ki, ən əhəmiyyətlisidir, lakin bizim ona çatmaq üçün çox yaxşı şansımız var.
- Beləliklə, razılaşma olmayana qədər heç bir razılaşma yoxdur.
- Bir azdan NATO-ya zəng edəcəyəm, uyğun hesab etdiyim müxtəlif insanlarla və təbii ki, prezident Zelenskiyə zəng edib bugünkü görüş barədə danışacağam. Bu, nəticədə onlardan asılıdır.
- Bu gün həqiqətən çox böyük irəliləyiş əldə etdik. Mənim prezident Putinlə həmişə fantastik münasibətim olub.
- Biz, həqiqətən, həftədə 5, 6, 7 min insanın öldürülməsini dayandıracağıq və prezident Putin də mənim qədər bunu görmək istəyir.
Daha sonra Rusiya və Amerika nümayəndə heyətləri üçün nəzərdə tutulan nahar ləğv edilib. Tramp Ağ Evə, Putin isə Kremlə yola düşüb.
Ağarza Elçinoğlu