Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

- Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

- Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisi 2026-cı il yanvarın 1-dən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq isə 2027-ci il yanvarın 1-dən fonda mədaxil olunacaq.

Fərmanla Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bəs görəsən, yeni fondun yaradılması və digər dəyişikliklər paytaxtın nəqliyyat sistemində hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, bu, çoxdan gözlənilən qərar idi:

“Azərbaycanda nəqliyyat xidməti təşkil edən şirkətlərin vəziyyəti son dövrlərdə çox ağır idi. Yəqin ki, həmin şirkətlərin şikayətləri ilə bağlı məlumatları görmüsünüz. Deyirlər ki, pul çatdıra bilmirik, çünki yeni avtobuslar çox bahadır, çox sayda işçi, servis, böyük qarajlar və s. tələb olunur. Buna baxmayaraq, sözügedən problem ictimai nəqliyyatda gediş haqqı məbləğini artırmaqla həll edilə bilməzdi. Belə olan halda, vətəndaşlar əziyyət çəkə bilərdi. Ona görə də, fond tərəfindən dəstək verilməsi çox gözəl addım olacaq.

Məncə, proses belə işləyəcək: Tutaq ki, nəqliyyat xidməti göstərən şirkətlərin işləməsi üçün gediş haqqı 80 qəpik olmalıdır. Dövlət hazırda tətbiq olunan gediş haqqı məbləği olan 50 qəpiklə 80 qəpik arasındakı 30 qəpiklik fərqi həmin şirkətlərə subsidiyalaşdıracaq. Həmin məbləğ yeni yaradılan fonddan ayrılacaq.

Bənzər təcrübə dünyanın bir çox ölkələrində var. Misal üçün, bu, Almaniyada “ÖPNV-Finanzierung” adlanır. Mənası “İctimai nəqliyyatın maliyyələşdirilməsi” deməkdir. Orada fond bələdiyyələrdən və vergilərdən formalaşır. Hazırda Berlin şəhərində “yaşıl zona” yaratmaq istəyirlər. Həmin hissəyə giriş ödənişli olacaq. Londonda isə bu çoxdan var. Həmin zona şəhərin ən sıx olan hissəsidir. Əgər həmin əraziyə avtomobil daxil olmaq istəyirsə, ödənişlə keçməlidir. 

Həmçinin, “Aşağı karbo emissiyalı zona” adlanan yerlər də var. Bu isə, hava kirliliyini azaltmaq məqsədi daşıyır. Yəni, Londona girən avtomobillər aşağı avro standarta malikdirsə, onlar bunun üçün əlavə pul ödəyirlər. Bəzi ölkələrdə bu, ümumiyyətlə ləğv edilir. Misal üçün, Almaniyada bəzi yerlərə “Avro-5” standartından aşağı olan nəqliyyat vasitələrinin girişi qadağandır. Ödəniş tələb etmirlər, amma qadağa var. Əməl etməyənlər isə cərimə olunur”, - deyə ekspert əlavə edib.

Şahin Qasımov xatırladıb ki, Azərbaycanda yeni yaradılan fond üçün maliyyə vəsaitləri yanacaqdan olan vergidən və şəhər mərkəzinə giriş üçün ödəniləcək məbləğdən formalaşacaq: “Adətən haqqında bəhs etdiyimiz qadağa və məhdudiyyətlər ölkənin paytaxtının şəhər mərkəzində tətbiq olunur. Bu çox gözəl bir addımdır ki, avtomobil sürənlər ictimai nəqliyyata dəstək olacaqlar. Vurğulamaq lazımdır ki, ictimai nəqliyyatın bu cür yeni və bahalı avtobuslarla gələcəyi yox idi. Onlar iflasın eşiyində olacaqdılar. Belə olan halda dövlətin üzərində böyük bir yük yarana bilərdi. İndi isə, fonddan ayrılacaq subsidayalarla həmin şirkətləri yaşadacayıq və ictimai nəqliyyatda xidmət keyfiyyəti yüksələcək. 

Belə bir sual ortaya çıxa bilər: Doğrudan da, xidmət keyfiyyəti artacaqmı? Bunu zaman göstərəcək. Mənim bu məsələdə bir tövsiyəm olacaq. İstəyərdim ki, buna çox diqqət etsinlər. İctimai nəqliyyat çox xərcli bir şeydir. Bu, texniki xidmət və böyük qarajlar tələb edir. Məsələn, orada işləyən işçilər, mövcud olan binalar, vergi və tələb olunan yanacaq bəllidir. Bəlli olmayan yeganə məsələ, hansı ki, mütəxəssisdən asılı olmalıdır, bu, avtomobillərin texniki vəziyyətidir. Misal olaraq, əgər bir avtobus normalda 8 il xidmət göstərə bilərsə, ona düzgün baxılmasa, həmin nəqliyyat vasitəsi cəmi 3-4 il işləyə biləcək. Belə olan halda isə dövlətdən dəstək alan şirkət belə zərərlə işləyə bilər. Tövsiyə edərdim ki, onlara servislər üçün dəstək verilsin. Onlar avtobuslarını qoruya bilsin.

Digər məsələləri zaman göstərəcək. Bəzi əsas məqamlar məlum olduqdan sonra, ətraflı rəy vermək mümkün olacaq. Gözləyək görək, üç ay sonra müvafiq qurumlar hansı plan və proqramla çıxış edəcəklər. Hesab edirəm ki, bütün bu dəyişikliklər şəhərdə tıxacın azalması və ekoloji vəziyyətin yaxşılaşması istiqamətində effektiv olacaq”.

Murad İbrahimli