Oqtay Şirəliyevdən misli görünməmiş “aptek əməliyyatı”
09:47 29-09-2013
CƏMİYYƏT
Oqtay Şirəliyevdən misli görünməmiş “aptek əməliyyatı”
Səhiyyə Nazirliyi 345 apteki bağladı; dərman tüccarlarına yeni qara xəbərlər var
Sosial şəbəkədə jurnalistlərin suallarını cavablandıran səhiyyə nazirinin müavini Elsever Ağayev maraqlı rəqəmlər səsləndirib. Bu rəqəmlər ölkənin “dərman biznesi”ndə ciddi təlatümlərin yaşandığını və Oqtay Şirəliyevin nazirinin bu bazar üzərində hegemon olmağa çalışdığını göstərir.
Gəlin əvvəlcə Şirəliyevin müavininin açıqladığı rəqəmlərlə tanış olaq.
Elsevər Ağayev deyib ki, Respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, lisenziyasız fəaliyyət göstərən 195 aptek müəssisəsinə qarşı cərimə tətbiq edilib: "Keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100000 qutu, istifadə müddəti bitmiş 2500 qutu dərman preparatları müsadirə edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantıların idarə olunması üzrə mərkəzində yandırılıb. Həmçinin apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satılmasına, eləcə də yetkinlik yaşına çatmayanlara dərman satışı qaydalarını pozduğuna görə 68 fakt aşkarlanıb. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt müəyyənləşdirilib”.
Səhiyyə nazirinin 02 oktyabr, 2006-cı il tarixli, 153 saylı əmri ilə təsdiq edilmiş "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblər”ə cavab verməyən, lakin xüsusi razılıq əsasında fəaliyyət göstərən 50 aptek bağlanıb. 11 aptekin lisenziyası ləğv edilib. "Hazırda mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin satışıdır” - deyə nazir müavini qeyd edib.
O bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Bu ayın birinci yarısında inspeksiya tərəfindən keçirilən yoxlamalar nəticəsində 6000 qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib: "Ölkəyə idxal olunan dərman vasitələrinin içlik vərəqələrindəki məlumatların ana dilində olması ilə bağlı istehsalçı və idxalçı şirkətlərə Səhiyyə Nazirliyi tərəfindən sonuncu dəfə xəbərdarlıq edilib. Ötən ildən ölkəyə içlik vərəqələrindəki məlumatlar ana dilində olmayan dərman vasitələrinin idxalına icazə verilmir. Hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-ə yaxındır. Bu preparatların içlik vərəqələri ana dilinə tərcümə olunaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Lakin əczaçılıq bazarında aparılan araşdırmalar zamanı hələ də belə dərman vasitələrinə olmasına rast gəlinir. Bunun əsas səbəbi kimi isə həmin preparatlarının əvvəlki illərdə idxal olunması göstərilir. Bununla bağlı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin İnspeksiyası tərəfindən müvafiq işlər aparılır, belə preparatlar aşkarlandığı təqdirdə müsadirə olunaraq satışdan çıxarılır, bu preparatları satan apteklərə qarşı qanunvericiliyə uyğun cəza tədbirləri görülür”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə dərman biznesi ilə məşğul olanlar arasında “soyuq müharibə”nin hökm sürdüyü barədə bir çox KİV-lər, o cümlədən “Unikal” olaraq biz də dəfələrlə yazmışıq. Yuxarıda səhiyyə naziri müavininin açıqladığı rəqəmlər bu yazılanlarda doğruluq payının yüksək olduğunu deməyə əsas verir.
Bəzi ekspertlərin fikrincə, dərman biznesi ilə məşğul olanlar və onların vəzifəli himayədarları öz etirazlarını aşağı səslə dilə gətirsələr də, onların Oqtay Şirəliyevin belə sərtləşdirici addımları davam etdirəcəyi təqdirdə nazirə qarşı əks-həmlələrə keçəcəyi istisna olunmur. Hesab edilir ki, xüsusilə seçki ili kimi həssas bir dövrdə bu, hörmətli Şirəliyev üçün heç də arzuolunan nəticələr verməyə bilər.
Nəzərə alsaq ki, ölkənin “dərman bazarı”nda kifayət qədər iri məmurların da “pay”ı var, onda onların xüsusilə seçkidən sonra formalaşacaq yeni hökumətdə hazırki səhiyyə nazirinin öz postundan uzaqlaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bunun nəticə verib-verməyəcəyini isə uzağı iki aydan sonra birlikdə görəcəyik.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12