Qərib Məmmədovdan sensasion etiraf
12:32 05-10-2013
İQTİSADİYYAT
Qərib Məmmədovdan sensasion etiraf
Torpaq islahatları deyildiyi kimi, uğurla keçirilməyib
Ölkədə aparılan torpaq islahatları zamanı yanlışlıqlara yol verilib. 1998-ci ildə torpaq islahatlarının aparılmasına baxmayaraq bölgələrdə bəzi vətəndaşlar öz sənədlərini hələ də ala bilməyiblər. Səbəb isə çox sadədir: yerli məmurların laqeydliyi və bəzi vətəndaşların islahatlar aparılan zaman xarici ölkələrdə olmalarıdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun bununla bağlı açıqlamaları da deyilənləri təsdiqləyir. Komitə sədri bildirib ki, bu kimi halların qarşısın almaq üçün rəhbərlik etdiyi qurumda xüsusi iş aparılır. Bundan əlavə o, bələdiyyələrin iş prosesində yol verdiyi nöqsanlara da toxundu.
Hazırda torpaqların satılmasına ən başlıca problem əksər bələdiyyələrin dövlət torpaqlarınada sərəncam verməsidir. Dövlət Torpaq və Xəritəçəkmə komitəsində bu kimi hallarla da mübarizə aparılır. Sədrin sözlərinə görə dövlət torpaqlarına yalnız yerli icra hakimiyyəti başçıları sərəncam verə bilər.
Qalmaqallı olan Bakı Oğuz Qəbələ su kəmərinin çəkilişi zamanı yaranan narazılıqların da yenidən araşdırılacağı planlaşdırılır.
Qeyd edək ki, indiyədək torpaq islahatları ilə bağlı biz Qərib Məmmədov və onun rəhbərlik etdiyi komitədən fərqli fikirlər eşidirdik. Məsələn, Qərib Məmmədov xeyli müddət əvvəl özünün “Aqrar islahatlar və perspektivlər” adlı məqaləsində yazırdı ki, “Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2042 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların mülkiyyətində olan torpaqlar əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3.442.778 subyekt deməkdir. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi.
Ölkə əhalisinin az qala yarısı, yəni 3.500.000 nəfəri torpaq mülkiyyətçisinə çevrildi. Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi.
Həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət torpaq islahatlarının növbəti mərhələlərini də uğurla həyata keçirməyə zəmin yaratdı”.
Həmin məqaləsində torpaq islahatları ilə bağlı birmənalı olaraq müsbət məlumatlar, fikirlər açıqlayan komitə sədrinin son açıqlamalarından görünür ki, heç də hər şey indiyə kimi təqdim olunduğu qədər uğurlu olmayıb. Torpaq islahatları kifayət qədər nöqsanlarla müşahidə edilib və bu, vətəndaşlarla bərabər, yerli məmurlarla, əlbəttə həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin rəhbərlərinin məsuliyyəti ilə əlaqəlidir.
Qərib Məmmədovun birdən-birə bu cür etiraf səsləndirməsinin səbəbi isə əlbəttə, maraq doğurur. Son vaxtlar onun rəhbərlik etdiyi qurumun ləğv edilərək səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcəyi barədə iddialar səslənir. Hətta Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmazsa belə, Qərib Məmmədovun qarşıdan gələn prezident seçkisindən sonra formalaşacaq yeni hökumət kabinetində yer almayacağı ehtimal edilir.
Belə bir vaxtda Məmmədovun açıqlamasını iki cür izah etmək olar: ya komitə sədri ehtiyatsızlıq və diqqətsizlikdən bu cür tənqidi məqamları dilə gətirib və beləliklə, onun “vurulmasında” maraqlı olan iqtidariçi rəqiblərinin əlinə kompromat vermiş olub, ya da artıq görəvindən kənarlaşdırılacağına özü də əmin olan Qərib Məmmədov səmimiyyət nümayiş etdirərək, problemləri də dilə gətirmək yolu seçib.
Eyni halı biz sabiq təhsil naziri Misir Mərdanovla da bağlı müşahidə etmişdik. Mərdanov “vurulması” ərəfəsində təhsildəki problemlərlə bağlı etirafedici fikirlər səsləndirirdi, məsələn, müəllimlərə 200 manat aylıq maaş verib, onlardan yüksək göstəricilər tələb etməyin doğru olmadığına işarə vurmuşdu. Görünür, Qərib Məmmədov da həmin taktikanı seçib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34