İlham Əliyev-Mehriban Əliyeva tandeminin gələcək 10 hədəfi
12:39 05-10-2013
CƏMİYYƏT
İlham Əliyev-Mehriban Əliyeva tandeminin gələcək 10 hədəfi
Prezident seçkiləri təkcə yeni vədlər deyil, həm də öncə vəd edilmişlərə dair hesabatdır. Bu mənada İlham Əliyev öz seçiciləri qarşısında üzü ağ, alnı açıq və başı dik durmaqda tam haqlıdır. Çünki “Biz nələr etdik” sualına veriləcək 10 əsas cavab əyani görünür.
...Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq keçid dövrünü başa vurdu və dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu.
...Neft strategiyası uğurla davam etdirildi, mühüm transmilli enerji layihələri başa çatdırıldı və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başladı.
...Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərək tarixi nailiyyətə imza atdı və dünya siyasətinin daha fəal iştirakçısına çevrildi.
...Ölkəmizdə 1.2 milyon yeni iş yerləri yaradıldı, yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu.
...İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdirildi, ilk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmosu fəth etmiş ölkələr sırasına daxil oldu.
...Genişmiqyaslı quruculuq-abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial-iqtisadi infrastruktur yaradıldı.
...Korrupsiya və digər neqativ hallara qarşı mübarizənin işlək mexanizmi formalaşdırıldı, sistemli tədbirlər sayəsində beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan ciddi nəticələr əldə edildi.
...Azərbaycanın fəal hücum diplomatiyası Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirdi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldı.
...Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etdi, milli həmrəylik möhkəmləndi, ölkəmiz tolerantlıq modeli kimi dünyada nümunəyə çevrildi.
...Bakı şəhəri qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu, mühüm beynəlxalq tədbirlərin keçirildiyi siyasi, iqtisadi, mədəni və idman mərkəzi statusu qazandı.
Azərbaycanda gerçəkləşdirilmiş bu çoxşaxəli və effektli islahatlar kursu Prezident İlham Əliyev dönmədən, ardıcıllıqla, zamanın tələblərinə uyğun tərzdə gələcəkdə də uğurla davam etdiriləcəyi şəksizdir. Çünki köklü dəyişikliklər dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, Azərbaycanın qloballaşan dünyada layiqli yerini tutmasını təmin edəcək amildir. Təbii ki, bu 10 zirvənin hər birinin fəthində İlham Əliyevlə yanaşı, onun ən yaxın və etibarlı silahdaşı Mehriban xanım Əliyevanın da səyləri danıla bilməz.
Artıq on ildir ki, Azərbaycanda cəmiyyətin istifadə etdiyi mədəni və siyasi anlamlar çərçivəsinə mənası ilə tamamilə yeni, əvvəllər rastlaşmadığımız bir ifadə daxil olub: Birinci xanım.
Əslində onun digər vəzifə və statusları var: Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri. Lakin Azərbaycanın Birinci xanımı – Mehriban xanım Əliyeva üçün daha doğru seçim, düzgün təyinatdır. Bu statusun şərəf və nüfuz çəkisini insanlar belə müəyyənləşdirib: varlığı ilə insanlarda etibar, inam oyadan qadın-ana-silahdaş.
Onun Birinci xanım kimi Azərbaycan dövləti və Azərbaycan xalqı üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Bəzən başa düşülmür ki, böyük şəxsiyyətlərin əməllərinin tarixi dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə, elə ilk gündən müəyyənləşir.
Söz sərrafları və bircə jesti belə gözündən qaçırmayan müşahidəçilər rəsmi səfər və qəbullardakı həssas anlarda, dördgözlə baxılan məqamlarda Mehriban xanım Əliyevanın davranışına, nitqinə dəfələrlə fikir verib qulaq kəsdiriblər. İstər əcnəbi siyasətçilər, diplomatlar, istərsə də sıravi Azərbaycan vətəndaşları ilə təmaslarında Birinci xanımı, sadəcə, hörmət və nəzakət xətrinə dinləmir, ona inanırlar, hər kəlməsinin ağ kağız üzərinə vurulan möhür kimi işləndiyini duyurlar. Bu, əcnəbi dövlət və mədəniyyət xadimləri ilə görüşlərdə xüsusilə qabarıq görünür. Əksər vaxtlarda onlar doğrudan da, eşitdiklərindən çaşqın vəziyyətinə düşdükləri, təsirləndikləri üçün Azərbaycan haqqında, görülən və görüləcək işlər haqda daha çox məlumat almaq istəyirlər.
Sirr deyil ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirdiyi qlobal layihələrlə həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir. Fond ölkənin hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfəsini verir. O, mümkün səviyyədə vətəndaşların problemlərinin həllinə səy göstərir, imkanlarını bu yöndə səfərbər edir. Bəzən hətta müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar da sonda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rəsmi müraciət etməklə nicat tapırlar. Onun rəhbərlik etdiyi Fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, problemlərinin həllinə səy göstərilir. Bu, həm də Heydər Əliyev Fondunun vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak edən nüfuzlu ictimai təsisat olduğunu təsdiqləyir.
Birinci xanımın Azərbaycanın bir sıra sahələrindəki müşküllərin həllində yorulmadan çalışır. Onun ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını bəlkə də çoxları anlamsız qarşılayacaq. Lakin fakt budur ki, məhz Azərbaycan mədəniyyətinin təbliği və dünya mədəni sərvətlərinə himayədarlıq etməklə YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevnın simasında Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan ətrafındakı informasiya blokadası yarılıb, Azərbaycan həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyi lazımi ünvanlara çatdırılıb.
Tar-kaman, muğam, aşıq musiqisi... Mehriban xanım Əliyevanın əcnəbi siyasətçilər, diplomatlar, habelə siyasi kuluarlara yaxşı bələd olan, öz cəmiyyətlərində söz sahibi olan əcnəbi insanlarla danışıq, ünsiyyət və təmaslarda işlətdiyi anlayış-vasitələr... Bu sətirləri oxuyan dərhal düşünə bilər ki, işğal kimi qlobal problemi belə sadə vasitələrlə nə dərəcədə həll etmək olar və yaxud ilk baxışda, bəlkə də, “kifayət qədər təsirli siyasi gücü” olmayan belə sadə vasitələr nəyisə həll etmək iqtidarındadırmı? İqtidarındadır! Çünki müasir tarix bəzən ilk baxışda sadə görünən vasitələrin də siyasi müstəvidə önəmli rol oynamasını isbatlayan hadisələri qarşımıza çıxarır. Bəli, bəzən məhz mədəniyyət siyasətçilərdən bir addım öndə gedərək, onların gördüyü ağır işlərin xoşməramlı, əlverişli fonunu yaradır. Odur ki, müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi ənənələr böyük təsir gücünə malikdir.
Tarix həmişə kiçik dövlətləri böyük sınaqlara çəkir. Bu sınaqlardan çıxmaq yollarında aparıcı amal, məram, vətəndaşlıq həmrəyliyi, milli və ümumbəşəri mənəvi dəyərlər, mədəni ənənələrə sadiqlik və müasir dünya ilə ayaqlaşmaq, özünü qloballaşan dünyanın bənzərsiz bir hissəsi kimi dərk etməkdir. Tarix sübut edir ki, öz vətəndaşlarının qədrini bilən, onlarla fəxr edən, dünyada öz yerini milli siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə müəyyənləşdirən ölkənin gələcəyi var. Növbəti beş ildə İlham Əliyev-Mehriban Əliyeva tandemi də ölkəmizin gələcəyi üçün bu əsas 10 hədəfə yetməni, zirvənin fəthini vəd edir:
...İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun həlledici üstünlüyü təmin ediləcək, Azərbaycan rəqabətədavamlı iqtisadiyyata malik inkişaf etmiş ölkəyə çevriləcək.
...Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqcıl standartlara uyğunlaşdırılacaq.
...Nəhəng infrastruktur layihələri başa çatdırılacaq, ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat, loqistika və ticarət mərkəzinə çevriləcək.
...Regionlarda mövcud problemlər öz həllini tapacaq, bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq.
...Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi əhəmiyyətli dərəcədə gücləndiriləcək.
...Elm, təhsil və səhiyyə infrastrukturu daha da təkmilləşdiriləcək və bu sahələrdə çalışanların əmək haqları əsaslı şəkildə artırılacaq.
...Əhalinin müxtəlif təbəqələrinin ipoteka kreditlərindən istifadəsi asanlaşdırılacaq, gənc nəslin mənzil-məişət, təhsil, məşğulluq və digər problemlərinin həllinə dövlət dəstəyi daha da gücləndiriləcək.
...Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək, regional və qlobal proseslərə təsir imkanlarını artıracaq.
...Müasir, güclü ordu quruculuğu davam etdiriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək.
...Demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək.
Pərvin ARZUQIZI
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10