Səfər Əbiyev rəqiblərinə sərt mesaj göndərdi
10:36 10-10-2013
İQTİSADİYYAT
Səfər Əbiyev rəqiblərinə sərt mesaj göndərdi
Müdafiə nazirinin adı ətrafında maraqlı proseslər cərəyan edir
Müdafiə naziri Səfər Əbiyevin ətrafında cərəyan edən maraqlı proseslər son günlərdə daha da intensivləşib. Belə ki, ötən həftəsonu səlahiyyətlərindən birini itirən nazirin bu həftənin əvvəlində isə general Elbrus Orucovla əvəzlənəcəyi barədə iddia ortaya atılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişikliklər etməsindən sonra Müdafiə Nazirliyi önəmli səlahiyyətlərindən birini itirib. Belə ki, dəyişikliklərə əsasən respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın təşkili sahəsində Müdafiə Nazirliyinin səlahiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi ilə bağlıdır.
İndiyə qədər Təhsil Nazirliyinə Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görmək tapşırılıb. Bundan sonra Təhsil Nazirliyi bu işləri Müdafiə Nazirliyi ilə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həyata keçirəcək.
Bu xəbərdən üç gün sonra isə KİV yazıb ki, Azərbaycanın növbəti müdafiə naziri general Elbrus Orucov olacaq. Kifayət qədər məxfi saxlanan bu plana görə, seçkilərdən dərhal sonra hazırda Özbəkistanda hərbi attaşe olan E.Orucov Bakıya çağırılacaq və yeni təyinatı üzrə işə başlayacaq. İddialara görə, E.Orucov NATO, xüsusi ilə də Amerika yönümlü generallardan sayılır. Bu səbəbdən də onun yeni müdafiə naziri təyin olunmasına Qərb paytaxtlarında ancaq sevinə bilərlər.
Müstəqil hərbi ekspertlərin əksəriyyəti belə bir təyinatı real saymırlar. Onların fikrincə, Orucovun nə NATO yönümlü general olması, nə də müdafiə naziri kimi önəmli posta iddia etməsi real deyil. Üstəlik, “Unikal”ın əldə etdiyi məlumata görə, Elbrus Orucovun hökumət daxilində bir çox önəmli post sahibləri ilə soyuq münasibəti var. Yəni ona hakimiyyətin öz içində belə birmənalı münasibət yoxdur. Elə adıçəkilən generalın Özbəkistana hərbi attaşe göndərilməsi, yəni Azərbaycandan uzaqlaşdırılması da faktiki olaraq bunun nəticəsidir.
Bununla belə, son vaxtlar adı ətrafında “vurulacağı” yönündə informasiyaların intensivləşməsi, ard-arda fərqli iddiaların meydana atılması və bütün bunların fonunda önəmli səlahiyyətlərindən birini itirməsi müdafiə naziri Səfər Əbiyevi şübhələnməyə məcbur edib. Əbiyev eyni vaxtda özünə qarşı bu yaşananları heç də təsadüfi saymır və bütün bunların arxasında iqtidariçi rəqiblərinin dayandığını güman edir.
Elə Əbiyevin nazirliyinin baş verənlər qarşısında səssizliyini qoruması, münasibət bildirməməsi də bununla izah olunur. “Əgər mətbuatda müdafiə nazirinin “vurulacağı” ilə bağlı artan xəbərlər sadəcə, jurnalist təxəyyülünün məhsulu olsaydı, Səfər Əbiyev və nazirliyinin sözçüləri buna açıq və kəskin cavab verərdilər. Amma görünür, nazir özü də həmin xəbərlərin və bu xəbərlərin inandırıcılıq ehtimalının yüksək olmasına rəvac verən proseslərin iqtidar daxilindəki rəqiblərinin planlaşdırılmış hücumu olduğunu bildiyindən və konflikti daha da dərinləşdirmək istəmədiyindən açıq reaksiya göstərmək istəmir” - deyə adının çəkilməsini istəməyən hərbi ekspert “Unikal”ın əməkdaşına deyib.
Bununla belə, iddialar var ki, Əbiyev özünə yaxın çevrələrdə haqqında davamlı “qara piar” kampaniyası aparan rəqibləri haqqında sərt danışıb. Onun mesajlarının rəqiblərinin qulağına çatdığı deyilir. Bu prosesin nə ilə yekunlaşacağını isə indidən nəinki dəqiq söyləmək, heç təxmin etmək belə, mümkün deyil.
Bunun üçün az bir müddət gözləmək lazımdır. Belə ki, prezident seçkilərindən qısa müddət sonra hökumət istefaya göndəriləcək və yeni Nazirlər Kabineti formalaşacaq. Hər şey də yeni hökumət kabinetinin tərkibində Səfər Əbiyevin adının olub-olmaması ilə qətiləşəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53