Məmurların “qızıl biznesi”ndəki müdhiş payı
10:37 10-10-2013
İQTİSADİYYAT
Məmurların “qızıl biznesi”ndəki müdhiş payı
Onların arasında kimlərin adları var?
Azərbaycanda müxtəlif biznes sahələrində monopoliyaların yarandığı kimsəyə sirr deyil. Müxtəlif sahələrin bir oliqarxın əlində cəmləşməsi təcrübəsi bizdə geniş yayılıb və buna görə də hər hansı monopolyalaşma barədə yeni bir informasiya ortaya çıxanda bu heç kimdə şübhə və təəccüb doğurmur.
Bir müddətdir Azərbaycanın qızıl bazarı ilə bağlı bəzi KİV-lərdə maraqlı iddialar səslənir. İddia müəlliflərinin dediklərinə görə, son aylarda qızıl, brilyant biznesi tam inhisara alınıb. Guya bir neçə məmur xaric, başqalarının ölkəyə qızıl, brilyant, daş-qaş gətirməsi yasaqlanıb.
Çeşidli KİV-lərin bildirdiklərinə görə, son vaxtlarda bu bizneslə məşğul olan bir neçə nəfər hətta həbs olunub, onların neçə illər ərzində topladıqları pul əllərindən alınıb və özlərinə də xəbərdarlıq ediblər ki, bu sahəni birdəfəlik unutsunlar.
Amma həmin məlumatlar rəsmi olaraq təsdiqini tapmır. Eyni zamanda ölkənin qızıl bazarında bir çox məmurların payı olmasına dair bilgilər guya bu sahədə inhisarçılıq yarandığı ehtimalını sıfıra endirir.
Bəs belə məmurlardan kimlərin adlarını qeyd etmək olar? “Unikal” bu suala cavab tapmaq üçün internet üzərindən kiçik bir araşdırma apararaq, qızıl biznesi ilə məşğul olduğu deyilən vəzifəli şəxslər haqqında müxtəlif vaxtlarda ortaya atılan iddiaları ümumiləşdirib.
Məlum olub ki, Azərbaycanın qızıl bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl “polka”ları var. “Laçın”, “Lotos”, “Diqlas” və “Mərkəzi Univermaq”da, eləcə də Gənclikdəki qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıda satışa çıxarır.
İddia edilir ki, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur. Bir müddət əvvəl mətbuatda yer alan informasiyalara görə, Mərkəzi Univermaqda və onun ətrafında, eləcə də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən qızıl dükanları və sexləri bağlanıb. Həmçinin Mərkəzi Univermaqda və “Moskva” univermağında, “Laçın” Ticarət Mərkəzində qızıl, brilyant satışı demək olar ki, bir əldə cəmlənib. Mərkəzi Univermaqda isə qızıl alveri ilə məşğul olanlar və qızıl sexi sahiblərinin çoxu univermağın direktoru, deputat Ərəstun Cavadovun adamları tərəfindən sıxışdırılaraq sıradan çıxarılıblar.
Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Qeyd edək ki, Azərbaycana gətirilən, istər keyfiyyət və istərsə də qiymət sarıdan dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi kimi məhz gənclər və idman nazirinin adı çəkilir. Ümumiyyətlə, Rəhimovun uzun müddətdir ki, adıçəkilən ölkə ilə bağlı müxtəlif geniş biznes əlaqələri vardır.
Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.
Bəzi qaynaqlar iddia edirlər ki, əksər iri məmurlar qızıl biznesində tam pay sahibi olmağa həvəsli deyillər. Əvvəla, qızılın dünya bazarında xeyli bahalaşması, ümumiyyətlə, onun qiymətlərinin oynaqlığı bu sahəyə ciddi investisiya qoymağı kifayət qədər riskli edir.
Digər tərəfdən, Azərbaycanda bahalı qızıl alıcıları bunu adətən xarici səfərlər zamanı həyata keçirirlər. Onlar özləri və ya övladları üçün bu cür məhsulu yerindəcə aldıqlarından geriyə qalan müştəri kütləsinin cibi yüksək qiymətə gətirilən məhsulları almağa imkan vermir.
Bu səbəbdən də bir çox məmurların qızıl biznesində müdhiş payı olmasına rəğmən, digərləri bu “bazar”a daxil olmağa o qədər də həvəsli görünmürlər. Nəticədə isə təbii inhisarlaşma yaranmış olur.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34