Oqtay Şirəliyevin nazirliyinə Hesablama Palatasından qara xəbər
12:43 12-10-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyinə Hesablama Palatasından qara xəbər
Səhiyyə Nazirliyinin müəssisələrini yoxlama dalğası “vuracaq”
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Bu barədə Palatadan məlumat verilib.
İclasda dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, 3 saylı şəhər Klinik Xəstəxanasına və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları müzakirə olunaraq təsdiq edilib.
Beləliklə, qarşıda Oqtay Şirəliyevin nazirliyinin bir neçə önəmli müəssisəsini olduqca ciddi yoxlama dalğası vuracaq. Planlaşdırılan təftişin isə prezident seçkilərindən cəmi bir neçə gün sonra ictimaiyyətə elan edilməsi maraq doğurur.
Məsələ burasındadır ki, təxminən on gün əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ölkədə ən çox korrupsiyalaşan qurumların siyahısını açıqlamışdı. Həmin qurumlar arasında səhiyyə sahəsi ön plana çıxmışdı. Həmin vaxt mətbuat haqlı olaraq qeyd edirdi ki, Oqtay Şirəliyevin məsul olduğu səhiyyə sektorundakı problemlər daim KİV-in bir nömrəli müzakirə və tənqid mövzusudur. Ona görə də adıçəkilən idarənin səhiyyə sistemini “ən çox korrupsiyalaşanlar” sırasında göstərməsi tamamilə reallığa uyğundur.
Digər tərəfdən, əksəriyyət hesab edir ki, bu sahə hədsiz korrupsiyalaşıb, üstəlik, keyfiyyətli tibbi xidmət təmin edilmədiyindən imkanlı azərbaycanlılar Qərbi Avropa ölkələrinə, imkansızlar isə İrana axın etmək məcburiyyətində qalıblar. Hesab edilir ki, səhiyyə sektorunda da "yeni nəfəs"ə ehtiyac var.
Bir sözlə, Oqtay Şirəliyevin prezident seçkilərindən sonra əvəzlənməsi tamamilə məntiqəuyğun hesab edilirdi. Belə bir vaxtda onun rəhbərlik etdiyi sahənin "ən çox korrupsiyalaşan qurumlar" sırasında ön plana çıxması artıq hökumət kulislərində də eyni əhval-ruhiyyənin yarandığının bir göstəricisi kimi qəbul olunurdu.
Digər tərəfdən, səhiyyə sisteminin öz içində də nazirə qarşı kifayət qədər müxalif, ondan narazı qrupların yarandığını da KİV-lər uzun müddətdir yazır. Məsələn, Səhiyyə Nazirliyi ilə dərman biznesi ilə məşğul olanlar arasında “soyuq müharibə”nin hökm sürdüyü barədə iddialar xeyli vaxtdır gündəmdən düşmür. Elə bu günlərdə səhiyyə nazirinin müavininin bağlanan apteklərin sayı (təxminən 4000-ə yaxın!) barədə açıqladığı rəqəmlər bu yazılanlarda doğruluq payının yüksək olduğunu deməyə əsas verir.
Bəzi ekspertlərin fikrincə, dərman biznesi ilə məşğul olanlar və onların vəzifəli himayədarları öz etirazlarını aşağı səslə dilə gətirsələr də, onların Oqtay Şirəliyevin belə sərtləşdirici addımları davam etdirəcəyi təqdirdə nazirə qarşı əks-həmlələrə keçəcəyi istisna olunmur. “Hesab edilir ki, xüsusilə seçki ili kimi həssas bir dövrdə bu, hörmətli Şirəliyev üçün heç də arzuolunan nəticələr verməyə bilər” deyə seçki öncəsi bildirilirdi.
Nəzərə alsaq ki, ölkənin “dərman bazarı”nda kifayət qədər iri məmurların da “pay”ı var, onda onların xüsusilə seçkidən sonra formalaşacaq yeni hökumətdə hazırki səhiyyə nazirinin öz postundan uzaqlaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəklərini proqnozlaşdırmaq mümkündür.
Bundan başqa, ötən ayın sonunda mətbuat yazırdı ki, YAP-ın icra katibi Əli Əhmədovun seçkidən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı ilə bağlı açıqlaması hökumət daxilində narahatlıqlar yaradıb. Belə ki, bir çox iri məmurlar icra katibinin həmin açıqlamasından sonra öz postlarını itirmək təhlükəsinin real ola biləcəyi barədə düşünməyə başlayıblar. Həmin məmurlar arasında məhz səhiyyə naziri Oqtay Şirəliyevin olacağı da müəyyən KİV-lərin və müstəqil ekspertlərin əsas qənaətlərindən biri idi.
Bütün bunların fonunda seçki bitəndən bir neçə gün sonra Hesablama Palatasının Oqtay Şirəliyevin nazirliyinin tərkibindəki bir çox müəssisələri yoxlamadan keçirmək istəməsi də əslində səhiyyə nazirinin yeni formalaşdırılacaq hökumətdə yer almamaq ehtimalının yüksək olmasına dəlalət edir. Mümkündür ki, bu cür geniş miqyaslı audit hazırlığı barədə anons Şirəliyevə görəvindən alınmasına qarşı hər hansı müqavimət göstərməmək üçün psixoloji təzyiq və ya ismarışdır.
Hər halda bu səslənənlər hələlik bir ehtimaldır və bu ehtimalın nə qədər gerçəkləşib-gerçəkləşməyəcəyini qarşıdakı həftələrdə görəcəyik. Odur ki, gəlin gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53