İstefalar dalğası nədən danışır?
12:47 12-10-2013
CƏMİYYƏT
İstefalar dalğası nədən danışır?
Arxada qoyduğumuz prezident seçkilərinin nəticəsi ölkənin bəlli reallıqları baxımından lap əvvəlcədən heç kimdə şübhə doğurmurdu. Bu səbəbdən də nə analitiklər, nə də sıravi seçicilər bu seçkilər ərəfəsində, seçki günü və ondan sonra qeyri-adi heç nə gözləmirdilər. Amma, deyəsən, belə deyilmiş…
Bu seçkilərin ən gözlənilməz effekti müxalifət partiyalarında yaşanmağa başlanıb və bu qurumlarda istefalar qeydə alınır. Hələ ki, bir partiya sədri və bir neçə funksioner istefa veriblər. İlkin müşahidələr onu göstərir ki, bu istefalar siyasi maraqlar və yaxud iddialar zəminində deyil, daha çox şəxsi gözləntilərin doğrulmamasına görə reallaşıb.
Bu gözlənilməz addımların səbəblərini araşdırmaq üçün siysətçilərə və politoloqlara üz tutduq.
Tanınmış politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu istefaların heç bir siyasi motivi yoxdur. Onun “Unikal”a söylədiyinə görə, “İstefa faktları qeydə alınan partiyalar Azərbaycan cəmiyyətinin həyatında, ictimai-siyasi düşüncəsinin formalaşmasında heç bir rol oynamır. Bu partiyaların üzvlərinin sayı uzaqbaşı bir neçə yüz nəfər olar”.
Politoloq hesab edir ki, “Azərbaycan cəmiyyətində siyasi mədəniyyətin səviyyəsi çox aşağıdır və bizim adlı-sanlı hesab edilən müxalifət liderləri, nəhayət, məsuliyyətlərini dərk edib istefa versəydilər, bu barədə qismən fikir söyləməyinə dəyərdi. İndiki halda isə söhbət xırım-xırda partiyalarda baş verən önəmsiz istefalardan gedir. Mənim fikrimcə, həmin istefa verən şəxslər sırf şəxsi motivlər üzündən bu addımı atıblar. Onlar, yəqin ki, elə siyasətə də şəxsi maraqlar üzündən qoşulmuşdular ki, indi də bu amilə görə siyasətdən aralanmaq qərarına gəliblər”.
Müstəqil analitik Hikmət Hacızadənin “Unikal”a bildirdiyinə görə, “İrimiqyaslı seçkilər cəmiyyətin həyatında böyük bir mərhələyə yekun vurur. Hər bir vətəndaş bu seçkilərdən nəsə gözləyir, hansısa ümidlərlə yaşayır. Bu ümidlər daşa dəyib məhv olanda isə vətəndaşın şüurundə yenidən dəyərləndirmə prosesi başlanır. Görünür, sözügedən siyasi partiyalardan istefa verənlərin də düşüncəsində belə bir təbəddülat başlandığı üçün onlar siyasi proseslərdən aralanmaq qərarına gəliblər və onları başa düşmək olar”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının “Unikal”a söylədiyinə görə, “Müxalifətin iri partiyaları hesab edilən Müsavatla AXCP Azərbaycan cəmiyyətində siyasi çəkilərini və siyasi etimadlarını tamamilə itiriblərsə, kiçik partiyalarda baş vermiş əhəmiyyətsiz hadisələrin, istefaların ölkənin ümumi siyasi prosesində hansısa dəyərə malik olduğunu düşünmək yanlışlıqdır”.
Millət vəkili hesab edir ki, “Başa çatmış prezident seçkiləri və onun rəsmən elan edilmiş nəticələri cəmiyyətdəki siyasi qüvvələrin nisbətini və qiymətini konkret şəkildə ortalığa qoydu. Buna görə də hesab edirəm ki, bu cür əhəmiyyətsiz hadisələrin şərhinə vaxt itirməyinə dəyməz”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a dediyinə görə, “ADP-nin sədri Sərdar Cəlaloğlunun istefa qərarı məndə böyük təəssüf doğurdu. Çünki o, Azərbaycan siyasətində ən koloritli, mütaliəli və yüksək intellektə malik bir sima kimi tanınmışdı. O, çoxları üçün çəkindirici fiqur rolunu oynayır və siyasətin üst qatında qalmağı bacarırdı. Çox arzulayardım ki, Azərbaycan Demokrat Partiyasının müvafiq qurumları Sərdar bəyin istefasını qəbul etməsinlər”.
Partiya sədrinin sözlərinə görə, “Digər partiyalarda baş vermiş istefalara gəlincə isə, hesab edirəm ki, insanların qəbul etdiyi qərarlara və seçimlərə hörmətlə yanaşmaq lazımdır. İqbal Ağazadə partiyasının bundan sonar yürüdəcəyi siyasi kurs barədə rəsmi şəkildə açıqlama verib. Bununla belə, düşünürəm ki, onun partiyasından istefa verənlərin addımları o partiyanın daxili işidir və bu barədə mülahizə söyləmək istəməzdim”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16