Qələbənin dörd səbəbi
12:48 12-10-2013
CƏMİYYƏT
Qələbənin dörd səbəbi
Və ya mən nə üçün məhz İlham Əliyevə səs verdim
Bir qayda olaraq, seçkilər ərəfəsində hər birimiz istər işdə, istər evdə, küçədə, nəqliyyatda belə bir sualla üzləşirik: "Sən kimə səs verəcəksən?" Mənə gəldikdə isə, həmin vaxt da mövqeyimi açıq və birmənalı şəkildə bildirmişəm. Və milyonlarla Azərbaycan seçicisi kimi prezident seçkiləri günü ən layiqli namizədə - dövlət başçısı İlham Əliyevə səs vermişəm. Nə üçün məhz ona səs verdiyimin səbəblərini isə həmin sual müəlliflərinə bir də izah edirəm:
BİRİNCİ SƏBƏB. Mən Azərbaycan Respublikasının təqribən doqquz milyon vətəndaşından biriyəm. Bir vətəndaş olaraq, mən də dövlətimin, xalqımın təəssübünü çəkir, onun hər uğuruna, nailiyyətinə ürəkdən sevinirəm. Çünki bu günün Azərbaycanı iyirmi iki il əvvəlki dağınıq, gələcəyi qeyri-müəyyən olan, əhalisi ümidsizliyə qapılan, dövlət müstəqilliyi təhlükə qarşısında qalan, sərvətləri talanan gözüqıpıq ölkə deyildir. Müasir Azərbaycan ötən iyirmi il ərzində misilsiz inkişaf yolu keçmiş, möhkəmlənmiş, dünya birliyində öz sözü, öz mövqeyi olan, Avropaya doğru istiqamətlənən, Qərbin, islam və türk dünyalarının qabaqcıl dəyərlərini uzlaşdıra bilən lider dövlətə çevrilmişdir. Bunu hətta bədxahlarımız da etiraf etməyə məhkumdurlar. Bu gün əvvəlki tək Azərbaycana nə yuxarıdan baxmaq, nə onunla yüksək tonla, ultimativ dillə danışmaq, nə də başqalarının iradəsini yürütmək mümkündür. Bir çox ölkələrin 40-50 il ərzində keçdikləri yolu Azərbaycan son on ildə məhz İlham Əliyevin rəhbərliyi ilə fenomenal sürətlə qət edə bilmişdir. Bu uğur isə ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Ötən illər ərzində ölkənin iqtisadi qüdrəti artmış, ayrı-ayrılıqda hər birimizin, bütövlükdə əhalinin sosial vəziyyəti digər MDB dövlətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir. Çünki dövlət başçısının ardıcıl olaraq yürütdüyü siyasətin mərkəzində ilk növbədə insan amili - Azərbaycan Respublikası vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun problem və qayğılarının aradan qaldırılması dayanır. Onu da unutmamalıyıq ki, dünyanın ən güclü dövlətləri kəskin maliyyə-iqtisadi böhranla üzləşəndə Azərbaycanda inkişaf prosesi nəinki səngiməmiş, əhalinin gəlirləri, milli valyutanın məzənnəsi sabit olaraq qalmışdır. Azərbaycan iqtisadiyyatının yüksələn templə inkişafı, onun inteqrasiya imkanlarının genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşması, bir sözlə, düzgün və uzaqgörən sosial-iqtisadi siyasətin tətbiqi nəticəsində ölkəmiz qısa müddət ərzində dünyanın orta gəlirli dövlətləri sırasına daxil olmuşdur.
Seçki ilinin - 2013-cü ilin Azərbaycanı demokratik, dünyəvi, sürətlə inkişaf edən, iqtisadi, sosial və siyasi islahatları uğurla həyata keçirilən, özünü tam təmin edən, üstəlik, qonşularına da yardım əlini uzada bilən nüfuzlu dövlətdir. Azərbaycanın ən ucqar bölgələri də bu gün özünün inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti, davamlı olaraq aparılan islahatlar və zəngin kadr potensialı ölkəmizin daha geniş imkanlara malik olduğunu göstərir. Bu isə o deməkdir ki, Azərbaycan bu kursla irəliləməyə davam edərsə, gələcəkdə də özünün iqtisadi və sosial tələbatını təmin edəcəkdir. Təsadüfi deyildir ki, zəngin potensiala, əlverişli biznes mühitinə malik Azərbaycanın dinamik inkişafı dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən də yüksək dəyərləndirilmişdir. Xarici ekspertlər Azərbaycan haqqında rəy verərkən "davamlı inkişaf", "zəngin potensial", "modernləşmə", "dinamik iqtisadiyyat", "sosial yönümlü siyasət", "sabitlik" kimi pozitiv ifadələri əbəs yerə işlətmirlər. Qonşu Ermənistanın isə bu inkişafın hətta astanasına belə, yaxılaşmağa halı yoxdur. Düşmən işğalı altında olan torpaqlarımızın azad olunması Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü xarici siyasətin, ölkənin müdafiə strategiyasının prioritet istiqamətlərindən biridir. Bu addımlar həmin tarixi günü sürətlə yaxınlaşdırmaqdadır.
İKİNCİ SƏBƏB. Bir azərbaycanlı olaraq, xalqımızın qədim və zəngin maddi-mənəvi irsinin, eləcə də Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətlərinin qorunması, inkişafı və təbliği, dünyaya tanıdılması istiqamətində əldə olunan nailiyyətlərə, elm, incəsənət, musiqi və idman sahələrində qazanılan qələbələrə görə sonsuz qürur hissi keçirirəm. Bütün bunlar Azərbaycan Respublikasının təkcə siyasətdə, iqtisadiyyatda deyil, mədəniyyətdə, sosial həyatın müxtəlif sahələrində də rəqabətədavamlı dövlət səviyyəsinə yüksəldiyinin təsdiqidir. Azərbaycanda tarixən polietnik və polikonfessional cəmiyyət tipi formalaşmış və əsrlərin sınağından çıxmışdır. Burada heç vaxt etnik və ya dini zəmində qarşıdurma olmamışdır. Müstəqillik dövründə ölkəmizdə tolerantlıq və dialoq ənənələri keyfiyyətcə yeni mərhələsinə yüksəlmiş, bu sahədə də uğurlar əldə olunmuşdur. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan xalqlararası və dinlərarası dialoq fəlsəfəsində yeni strategiya və təşəbbüslər Azərbaycanda yaşayan bütün xalqların səmimi dostluq, qardaşlıq şəraitində yaşamasını, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsini təmin etməkdədir.
ÜÇÜNCÜ SƏBƏB. Sosioloji sorğuların nəticələrinə əsasən, seçkilərdə prezidentliyə namizəd İlham Əliyevi dəstəkləyənlərin, ona etimad göstərənlərin böyük hissəsi gənclər olmuşlar. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmır, onun hüdudlarından kənarda da geniş yayılmaqdadır. Xarici ölkələrdə təhsil alan minlərlə azərbaycanlı gənc məhz bu uğurlu siyasətin nəticəsində yüksək ixtisaslı kadr kimi yetişməklə yanaşı, həm də dövlətimizin, xalqımızın milli maraqlarının qorunmasında, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməkdədir. Prezidentimiz dəfələrlə vurğulamışdır ki, gənclik Azərbaycanın gələcəyidir. Ölkəmizin son illər ərzində intensiv sosial-iqtisadi inkişafı, cənab Prezidentin gənclər siyasətində müəyyən etdiyi prinsiplər yeni nəslin önəmli rolunu artırmaqla, onlara dövlətin gələcəyinə məsuliyyət hissini aşılamaqla qarşılarına mühüm vəzifələr qoymaqdadır. Bu baxımdan, cənab Prezidentin, eləcə də Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı gənc üçün böyük örnəkdir. Qısa müddət ərzində qürur duyulası nailiyyətlər əldə etmiş Heydər Əliyev Fondunun başlıca məqsədi xalqımızn rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır. Xaricdə təhsil alan tələbələrimiz də Heydər Əliyev Fondunun qayğısını və dəstəyini daim hiss etməkdədirlər.
Ən nəhayət, DÖRDÜNCÜ SƏBƏB. Bütün bunlar təkcə mənim düşüncələrim və qənaətim deyildir. Bu fikirləri prezident seçkilərində İlham Əliyevə səs vermiş milyonlarla seçici də mənimlə paylaşır. Çünki seçkilərdə ən böyük qələbə payı məhz onun namizədliyini dəstəkləyən, hazırkı dövlət başçısına növbəti etimadlarını göstərən, ümid və gələcəklərini İlham Əliyevə bağlayan seçicilərindir. Qazanan isə bütün ölkə - Azərbaycan Respublikasıdır.
Fərhad MƏMMƏDOV -
Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar
Mərkəzinin direktoru
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06