Azərbaycandakı mobil operatorlar məhşər ayağına çəkilir
15:11 15-10-2013
İQTİSADİYYAT
Azərbaycandakı mobil
operatorlar
məhşər ayağına çəkilir
Nazirlik onları məhkəməyə vermək üçün hazırlığa başladı; hökumət
qərarına laqeydliyin cəzası ağır ola bilər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngitməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək üçün hazırlıq işlərinə başlayıb. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Hazırda hamını ən çox maraqlandıran məsələ Mobil Nömrələrin Daşınması Sisteminin tətbiq olunmasıdır. Çox təəssüf ki, bu sistemin tətbiqi artıq bir ildir yubanır. Mobil operatorların verdiyi sözə görə, oktyabrın 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqi həyata keçirilməli idi. Lakin bu, yenə də baş tutmayıb”, - deyə Ə.Abbasov vurğulayıb.
Onun sözlərinə görə, Nazirlik artıq bu məsələ ilə bağlı məhkəmə işlərinə start verib və bu istiqamətdə hazırlıq işləri gedir: “Bu sistemin tətbiqinə hətta oktyabrın 1-dən və ya bundan sonra başlanılsa belə, bunun üçün mərkəzləşdirilmiş sistem hazırdır. Lakin buna çəkilən investisiya və digər xərclər var ki, onların ziyanlarının mobil operatorlar tərəfindən ödənilməsi sualını ortaya qoymuşuq. Amma yenə də bildiririk ki, bu ilin sonuna kimi bu sistemi həyata keçirməliyik. Əgər gələn ilin yanvarın 1-dən bu sistemi həyata keçirə bilməsək, bu məsələ yəqin ki, builki hadisələr arasında ən mübahisəli sual olacaq”.
Nazir əlavə edib ki, bu problem təkcə Azərbaycan deyil, eyni zamanda bəzi MDB ölkələrinə xasdır: “Rusiyada bu məsələ ilə bağlı hətta qanun qəbul edilib, onlar da bu sistemi tətbiq etmək istəyir. Moldova və Gürcüstan kimi ölkələrdə isə Mobil Nömrələrin Daşınması Sistemi artıq tətbiq olunub”.
Qeyd edək ki, mobil operatorlara qarşı nazirliyin iddiası tamamilə yerindədir. Belə ki, onların hökumət qərarına qarşı laqeyd münasibətinə heç bir məntiqi əsas və bəraət qazandırmaq mümkün deyil.
Heç kimə sirr deyil ki, ölkəmizdəki mobil operatorlar bir qayda olaraq, öz maraqlarının təminatçısı və müdafiəçisi kimi çıxış edirlər. Onlar üçün abonentlərin və hökumətin maraqlarına uyğun addımlar həmişə sonuncu dərəcəli yerdə dayanır. Elə Mobil Nömrələrin Daşınması Sisteminin bilərəkdən yubadılması ilə müşaiyət olunan davranışların səbəbini də burada axtarmaq lazımdır.
Əgər həmin sistem mobil operatorların maraqlarına uyğun gəlsəydi, heç bir şübhə yoxdur ki, onun işə düşməsində heç bir günlük gecikmə belə olmayacaq, mobil operatorlar dərhal bu sistemə qoşulacaqdılar.
Bütün bunları nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məhkəməyə hazırlaşmasını təqdir etmək lazımdır. Mobil operatorların özlərini hökumətin və vətəndaşların maraqlarından üstün tutan qurumlar kimi aparmasına son qoymaq, onlara Azərbaycan qanunvericiliyinin tələbləri çərçivəsində fəaliyyət göstərməli olduqlarını xatırlatmaq vaxtı gəlib çatıb.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20